Показать сообщение отдельно
Старый 25.05.2013, 00:46   #1888
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

“Rüstəm İbrahimbəyovun Putinə işləməsi haqda məlumatım yoxdur...”

http://www.hafta-ichi.az/news.php?id=91536

Tarix: 23.05.2013


Rubrikamızın növbəti qonağının zəngin kitabxanaya malik olduğunu və özünün də “Demokratiya haqqında 15 min işarə”, “Demokratiya: gediləsi uzun bir yol” və s. kimi kitablar yazdığını gənc həmkarım Tural Qurbanlının hafta.az-da təqdim etdiyi “Tanınmışların kitabxanası” rubrikasından öyrənmişdik. Bu söhbətimizdə Azərbaycanın Rusiyadakı keçmiş səfiri, tanınmış politoloq Hikmət Hacızadənin digər maraqlı keyfiyyətləri də üzə çıxdı...


- Hikmət bəy, ixtisasca fiziksiz. Heç olubmu ki, siyasətdə etdiyiniz bir tapıntıya görə Arximed kimi “evrika” deyə qışqırasız?
- (Gülür). Bəli, dünya siyasətində yox, amma Azərbaycanda çox ixtiralarım var...

- Birini nümunə göstərə bilərsizmi?
- Məsələn, Azərbaycan Xalq Cəbhəsinin mənim tərtib etdiyim nizamnaməsi digər ölkələrdəki cəbhələrin nizamnamələrindən onunla fərqlənirdi ki, bütün qərarlar aşağılardan gəlirdi və fərdi təşəbbüsçülük şirnikləndirilirdi.

- Rusca düşünürsüz, yoxsa Azərbaycanca?
- Hər iki dildə düşünürəm.

- “Azadlıq!” qışqırmaq yaxşıdı, yoxsa “Svoboda!”, yaxud “Freedom!”?
- Əlbəttə ki, “Azadlıq!”, “Azadlıq!” və “İstefa!”.

- Bu yaxınlardakı açıqlamalarınızda söyləmisiz ki, Azərbaycanda nə “El” hərəkatı var, nə siyasi qüvvə, nə də ki müxalifət... Belə çıxır ki, üzdə görünən müxalifət qondarmadı?
- Xeyr, mən demişəm ki, müxalifətçilər azdırlar, ancaq keyfiyyətcə yüksəkdirlər, çünki az olmalarına baxmayaraq, onlar da heç bir güclü sosial-siyasi dayağı olmadan, sözləri ilə, kitabları ilə, şəxsi nümunələri ilə və s. neçə illərdir güclü bir sistemlə vuruşurlar.

- Ötən ilin sonundakı bir açıqlamanızda AXC dövründə müdafiə naziri olmuş Rəhim Qazıyevin o zaman Rusiyanın Gəncədəki diviziyasının komandiri Şerbakla gizli telefon danışıqları olduğunu söyləmişdiniz. Konkret cavab verə bilərsiz: Rəhim Qazıyev Elçibəy hakimiyyətinə xəyanət edib, ya yox?
- (Gülür). Bilirsiz, bu, çətin sualdı; bizim aləmimizdə o, xəyanət edib, onun aləmində isə biz ona xəyanət etmişik...

- 2012-ci ilin payızında Moskvada “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqovun ermənilərlə görüş təşkil etməsinə münasibət bildirərkən demişdiniz ki, “onları Putin idarə edir”... Məntiqlə belə çıxmırmı ki, son vaxtlar siyasətə qoşulub Azərbaycanda Milli Şura yaratmağa çalışan və həmin “Milyarderlər İttifaqı”nın üzvü, məşhur kinodramaturq Rüstəm İbrahimbəyov da Putin tərəfindən idarə edilir?
- Xeyr, “Milyarderlər İttifaqı” deyilən təşkilatı bilavasitə Putin özü yaratmadı, həmin qurum əvvəlcə, özlərinin dediyi kimi, diaspor təşkilatlarının işini gücləndirmək məqsədilə yarandı, sonra isə Rusiya rəhbərliyi onların güclü maliyyə və gücə sahib olduğunu görərək həmin təşkilatı yönləndirməyə çalışdı...

- Bəs Rüstəm İbrahimbəyov?..
- Məndə Rüstəm İbrahimbəyovun Putinə işləməsi barədə heç bir məlumat yoxdur, onun nə davranışında, nə çıxışlarında Azərbaycana zidd bir iş görmürəm.

- Bəziləri deyir ki, Rüstəm İbrahimbəyov siyasətçi deyil...
- Bu da boş söhbətdi...

- Sizcə, bu ilin əvvəlində “Binə”də, İsmayıllıda baş verən olaylar, orduda əsgər ölümlərinin artması və bununla bağlı etiraz aksiyalarının Rusiyanın Qəbələ RLS-dən imtinasından az sonra baş verməsi təsadüfdür, yoxsa?..
- Tamamilə təsadüfdü...

- Yəni bu hadisələrin Rusiya ilə heç bir bağlılığı yoxdu?
- Bəli və məndə olan məlumatlar əsasında belə qənaətə gəlmişəm ki, Rusiya Qəbələ RLS-dən Azərbaycana görə yox, Amerikaya görə əl çəkdi...

- Məhz hansı səbəbdən?
- ABŞ-in öz raketlərini Rusiyaya yaxınlaşdırması prosesi dörd mərhələdən ibarətdir, üçü gedib, 4-sü – şaxtalı raketlər qalıb, bu isə Rusiya üçün çox təhlükəli olduğundan Kreml Ağ Evlə müəyyən şərtlərlə razılığa gəlib və bu şərtlərdən biri də Rusiyanın Qəbələdən çıxmasıdır.

- Bəs Moskva əsas səbəb kimi Azərbaycanın icarə qiymətlərini dəfələrlə qaldırmasını göstərirdi?
- Bu, Rusiya ictimaiyyəti, xüsusən oradakı millətçi qüvvələr üçün qurulmuş bir teatr idi...

- İndi isə Kreml Novorossiysk neft kəmərindən də imtina etdi, hətta “Yevroviziya”da Azərbaycanın guya Rusiyaya səs verməməsi məsələsindən də qıcıqlanır?
- Bu, artıq başqa söhbətdi, Azərbaycanı Rusiyanın qurduğu Avrasiya İttifaqına çəkmək planının tərkib hissəsi olan bir təzyiq vasitəsidi...

- Bundan sonra bölgədə gərginlik arta bilər?
- Bəli, arta bilər...

- Demisiz ki, Qərb Suriyaya girsə, Rusiya da Azərbaycana girəcək. Şimal qonşumuz hansı “əsas”la bizim ərazimizə qoşun yeridə bilər?
- Heç bir əsasla, oranı-buranı partladacaq, cürbəcür dini, yaxud etnik qrupları qızışdıracaq və yaxud Qarabağ ətrafında bir təxribat yaradacaq və deyəcək ki, bəs orda qırğın idi biz qarşısını almaq üçün qoşun yeritdik...

- 2011-ci ildə Vaşinqtonda Cənubi Qafqazla bağlı beynəlxalq konfransdakı çıxışınızda mərhum Rafiq Tağının ölümündən bəhs edərkən sanki qürurla demişdiniz ki, artıq Azərbaycanın da Salman Rüşdüsü var... Siz məgər Salman Rüşdünün fikirlərini bəyənirsiz?
- (Gülür). Yox, mən heç dəqiq bilmirəm onun fikirləri nədən ibarətdir, amma mən söz azadlığının tərəfdarıyam, kimisə sözə görə təqib etmək, həbs etmək, öldürmək düzgün deyil...

- İslamı yüksək dəyərlər sistemi kimi qəbul edirsinizmi?
- İslamın halallıq, dürüstlük, fədakarlıq, yoxsula əl tutmaq və s. kimi bütün mənəvi dəyərlərini qəbul edirəm, ancaq orta əsrlərdən gələn əl kəsmək, daş-qalaq etmək, arvad döymək və s. kimi hüquqi dəyərlər keçmişdə qalmalıdır.

- Demokratik dəyərlərin bəziləri də bizim milli, dini dəyərlərimizlə uyğun gəlmir axı...
- Gəlmir, bəli.

- Bəs bunları necə uzlaşdırmaq olar?
- Onu elə uzlaşdırmaq lazımdır ki, biz orta əsr qaydalarından imtina edək və daha çox modern dəyərlərə söykənək.

- Axı modern dəyərlər arasında da ailə, böyük-kiçik, kişi-qadın münasibətlərində insani keyfiyyətlərlə uyğunlaşmayan, heyvanlara xas ifrat açıq-saçıqlıq var?
- Bu, ayrı söhbətdi, amma məsələn, Quranda yazılıb ki, arvadı döyə bilərsən, bu, düzgündürmu?

- Hikmət bəy, İslama görə Quran Allah tərəfindən göndərilmiş bir kitabdı və bizim orada yazılanları müzakirə etməyimiz doğru deyil.
- Mən heç cür razı deyiləm bu fikirlə, sən özünü qoy döyülən qadının yerinə, müzakirə edərsən, ya yox?

- Quranı tam oxuyub dərk etməyə çalışdıqdan sonra onun haqqında doğru nəticə çıxarda bilərsiz. Bu, geniş bir mövzudur, bu haqda, inşallah, sizinlə başqa vaxt söhbət edərik...
- Hazırlaşın, onda mən sizdən müsahibə götürəcəyəm (gülür).

- Hikmət bəy, 2011-ci ildə müstəqilliyimizin 20 illiyi ilə bağlı müsahibələrinizdən birində demisiz ki, 1992-1993-cü illərə aid lətifələr yazacağam... O dövrə aid bir cümləlik lətifə söyləyə bilərsinizmi?
- İndi bir az keyfim yaxşı deyil, lətifə qalsın gələn müsahibəyə...

Sultan Laçın


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием