Показать сообщение отдельно
Старый 10.07.2009, 11:57   #33
Местный
 
Аватар для Natiq Ceferli
 
Регистрация: 27.04.2007
Адрес: Yasamal
Сообщений: 5,751
Сказал(а) спасибо: 494
Поблагодарили 352 раз(а) в 277 сообщениях
Вес репутации: 69
Natiq Ceferli на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

HİKMƏT HACIZADƏNİN OĞLU DÖYÜLDÜ VƏ TUTULDUÖlkədə yeni repressiya dalğası
Adnan Hacızadə ilə Emin Milli ağır xəsarət alıb; onlar polis bölməsində saxlanılır; basqınçılar isə azadlıqda gəzir


İyulun 9-na keçən gecə Səbayel rayonu ərazisində yerləşən «Lebanese» («Livan») restoranında döyülən, sonra isə şübhəli şəxs qismində tutularaq polisdə saxlanılan «An» Sosial Şəbəkəsinin yaradıcısı Emin Milli və «Ol» Azərbaycan Gənclər Hərəkatının xarici işlər koordinatoru Adnan Hacızadə hələ də azadlığa buraxılmayıblar. Onlar Xətai rayonu ərazisindəki müvəqqəti saxlama təcridxanasında saxlanılırlar və baş verən olayla bağlı Cinayət Məcəlləsinin 221.2. maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb, gənclərə şübhəli şəxs qismində 2 sutka həbs cəzası kəsilib.
Qeyd edək ki, A.Hacızadə Müsavat Divanının üzvü, Azərbaycanın Rusiyadakı sabiq səfiri, məşhur politoloq Hikmət Hacızadənin oğludur. Adıçəkilən hər iki gənc srağagün «Livan» restoranında iki nəfər tərəfindən döyülüb.

Hadisə zamani Eminlə Adnanın yanında başqa şəxslər də olub. Onlardan biri - Orxan Qafarlı hadisəni belə xatırlayır: «Saat 19.30 radələrində görüşdük. Emin, Nurəddin, Pərviz, Bəhram, mən «Lebanese» restoranına getdik. Az sonra Adnan gəldi. Onun ardınca restorana 2 nəfər daxil oldu. Bizdən başqa orda heç kəs yox idi. Danışıb gülürdük. Birdən yanımızda əyləşənlərdən biri Eminə yaxınlaşdı, nəsə dedi. Ardınca Eminə kəllə vurdu. Adnan qabağına çıxanda ona da zərbə endirdi. Emin Adnanı çıxartdı və Səbayel rayon Polis İdarəsinin 39-cu polis bölməsinə getdik. Oradan bizi 9-cu bölməyə göndərdilər və orda izahatımız alındı. Daha sonra Eminlə Adnanı döyənləri də bölməyə gətirdilər. Onları heç birimiz tanımırıq. Həmin şəxslər bizdən üzr istədi. Onlara qarşı iddiamızı geri götürmək istəyirdik. Amma sonra məlum oldu ki, həmin adamları azadlığa buraxıblar. Əvəzində isə döyülən Eminlə Adnanı həbs etdilər".

Onun sözlərinə görə, Adnanın burnu sınıb, alnında zədələr var: «Eminin isə ayağı kəsilib, bədənində zədələr var. Çünki onlar onu təpiklə, yumruqla döyürdülər. Onların heç birinə tibbi yardım göstərilməyib».

Qeyd edək ki, dünən səhər saatlarında Müsavat deputat qrupunun üzvləri gənclərin saxlandığı polis bölməsinə getsələr də, onlarla görüşə bilməyiblər.
Bundan bir qədər sonra isə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus gənclərin həbsdən buraxılması və baş verən hadisə ilə bağlı lazımi ölçü götürülməsi üçün daxili işlər naziri Ramil Usubova müraciət etdi. Ardınca Azərbaycan Media Mərkəzində baş verən hadisə ilə bağlı etiraz forumu keçirildi. Forumda çıxış edən L.Yunus bildirdi ki, bir sutka ərzində gənclər həbsdən buraxılmasa, Səbayel rayon Polis İdarəsi məhkəməyə veriləcək. Onun fikrincə, gəncləri ona görə tutublar ki, onların zərbələri sağalsın və cinayətin üstü örtülü qalsın.


İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov gənclərə polis bölməsində işgəncə verilmədiyini bildirdi: «Onlarla görüşdüm. 1979-cu il təvəllüdlü Emin Milli və 1983-cü ildən olan Adnan Hacızadəyə qarşı 221.2 maddəsi ilə cinayət işi açılıb. Onlara heç bir işgəncə göstərilməyib. Adnanda və Emində xəsarətlər var».

Forumda iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər hakimiyyətin sistemli şəkildə azadlıqları məhdudlaşdırdığını bildirdi: «Bu mühasirədən çıxmağın yolu «müharibə»dən çıxmaqdır. Bu rejimi çəkindirmək istəyiriksə, kiçik qruplara ayrılmamalıyıq, birgə mübarizə aparmalıyıq. İndi bizim övladlarımıza hücuma keçiblər, amma mən əminəm ki, gənclərimiz qorxmayacaqlar».

Etiraz forumuna qatılan Almaniyanın Azərbaycandakı səfiri Per Stankina dünən Bakıya gələn Almaniya ombudsmanının yanında tərcüməçi kimi işləməli olan Emin Millinin həbsi faktı ilə bağlı narahatlığını bildirib. O, gənc fəalların ən qısa zamanda azad ediləcəyinə ümid etdiyini söyləyib.
ABŞ səfirliyinin əməkdaşı Dmitri Doroxovski səfirliyin saxlanılanlara tibbi yardım göstərilməməsindən narahat olduğunu bildirib. Diplomat həmçinin Azərbaycanda jurnalistlərin, ictimai fəalların və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin hücumlara məruz qalmasının artıq bir növ mənfi qanunauyğunluğa çevrildiyini qeyd edib: «Baş verənlər nəinki heç bir demokratik normalara uyğun deyil, həm də elementar ümumbəşəri prinsiplərə ziddir».

Daha bir neçə çıxışdan sonra forum iştirakçıları baş verən hadisə ilə bağlı müxtəlif tədbirlərin, hətta etiraz aksiyalarının keçirilməsinin vacibliyini qeyd ediblər. Sonda etiraz forumu adından prezident İlham Əliyev və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlanıb. Müraciətdə gənclərin dərhal azadlığa buraxılması, onlara hücum edənlərin cəzalandırılması və ədalətli məhkəmə araşdırılması tələbi yer alıb.
Adnan Hacızadənin vəkili İsaxan Aşurov «Azadlıq» radiosuna bildirib ki, xəsarət alan gənclərə Səbayel rayon məhkəmə tibb ekspertizası rəy verəcək. Vəkil bu rəyin obyektivliyinə inanmadığını deyib. Günün ikinci yarısında vəkillər İsaxan Aşurov və Elton Quliyev paytaxtın Xətai rayonunda müvəqqəti saxlanma təcridxanasında Adnan Hacızadə və Emin Milli (Abdullayev) ilə görüşməyə müvəffəq olublar. İsaxan Aşurovun «Turan»a verdiyi məlumata görə, o, Adnan Hacızadə ilə, həmkarı isə Emin Milli ilə görüşüb: «Məcid adlı məhkəmə-tibb eksperti də bizimlə idi, o, saxlanılanları müayinə edib. Adnanın üzü şişib, qançırlar və burnunun zədə almasının aşkar əlamətləri var, çox güman ki, burnu sınıb. Xəsarətlərin səviyyəsini müəyyən etmək üçün onların rentgendən keçməsi lazımdır. Lakin ekspert oraya sadə bir xətkeşlə gəlmişdi və şübhə edirəm ki, bu, dəqiq nəticələr üçün kifayət etsin».


Vəkil Elton Quliyev də «Azadlıq» radiosuna bildirib ki, zərərçəkənlərin saxlanılması üçün heç bir əsas yoxdur: «Onların əməllərində xuliqanlıq olmayıb. Bununla belə, saxlanma zamanı onlarla əsassız olaraq sərt davranılıb, baxmayaraq ki, gənclər müqavimət göstərməyiblər».
Qeyd edək ki, ombudsman Elmira Süleymanova da baş verən hadisənin obyektiv araşdırılması və məhkəməyədək məsələnin barışıqla həll edilməsi mümkünlüyünü nəzərdən keçirmək xahişi ilə Daxili İşlər Nazirliyinə və Respublika Prokurorluğuna müraciət edib.
Strasburqda işgüzar səfərdə olan bir qrup azərbaycanlı isə dünən bu hadisə ilə bağlı Avropa Şurasının qarşısında etiraz aksiyası keçiriblər. Öz növbəsində Müsavat Partiyası, eləcə də Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzi (DEVAMM) gənclər hərəkatının fəallarına qarşı hücum və təzyiqləri kəskin şəkildə pisləyən bəyanat yayıb.
Həbs olunan Adnan Hacızadənin atası Hikmət Hacızadə isə «Media forum» saytına bildirib ki, nə oğlunun, nə Emin Millinin, nə də onların yanındakıların günahı olub: «Onlar sakit oturub çay, kofe içiblər. İki nəfər onlarla davaya başlayıb. Qan olub. Sonra Adnanla Emin özləri polisə gedib şikayət ediblər. Polis əvvəl onların hamısını saxlayıb, sonra isə o iki nəfəri buraxıb, Adnan və Emini isə yox. Bu, qərəz deyil, oyun deyil, siyasət deyil, bəs nədir? Necə ola bilər ki, döyülən adam türməyə salınır, döyən azadlığa buraxılır? Nəyə görə? Bəlkə onlar kimlərinsə uşaqlarıdır?! Burada açıq-aşkar nəsə var». H.Hacızadə 221.2-ci maddə üzrə araşdırma aparılacağını deyib: «Kimdir cinayətkar? Maddə xuliqanlıq maddəsidir. Xuliqanları buraxıblar, necə araşdırma aparacaqlar, mən bunlara necə inanım?! Hücum edənlər azadlıqdadır, zərərçəkənlər isə türmədə».
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov «Azadlıq» radiosuna deyib ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi (221.2) ilə cinayət işi başlayıb: «Məsələni siyasiləşdirmək düz deyil. Bu, məişət zəminində baş verən xuliqanlıq hadisəsidir. Xəsarət alanlar kimlərinsə oğludur deyib bunu siyasiləşdirmək absurddur».
S.Gözəlov həmçinin deyib ki, Emin Milli və Adnan Hacızadə ilə dalaşan gənclər 1983-cü il təvəllüdlü, Füzuli rayonundan olan Babək Hüseynov və 1984-cü il təvəllüdlü, Ağdam rayonundan olan Vüsal Məmmədovdur.
B.Hüseynovla V.Məmmədovun sərbəst buraxıldığını təsdiqləyən S.Gözəlov bunu deyib: «Lazım gəlsə, onlar da saxlanılacaq. Cinayət işi Adnan Hacızadə və Emin Abdullayevə görə açılmayıb. Cinayət işi fakt üzrə başlanıb. Döyənlər də Adnan Hacızadə ilə Emin Abdullayevdir. İyulun 8-də saat 19.30 radələrində «Livan» restoran-barında Emin Abdullayev, Adnan Hacızadə və onların ətrafında olan beş-altı nəfər yeyib-içirmişlər. Onlar hay-küy salıb ictimai qaydanı pozublar, xuliqanlıq ediblər. Digər tərəfdə oturmuş iki nəfər - Babək Hüseynovla Vüsal Məmmədov onları səs-küy salmamağa, asayişi pozmamağa, xuliqanlıq etməməyə, söyüş söyməməyə dəvət ediblər. Deyiblər ki, sizdən başqa da bu barda adam var. Yəni həmin iki nəfər asayişi pozan, xuliqanlıq edən şəxslərin hərəkətlərinin qarşısını almaq istəyib".
Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov baş vermiş hadisə barədə məlumata malik olmadığını bildirib: «Belə ictimai asayişi pozan hadisələr xuliqanlıq xarakteri daşıdığına görə onu Daxili İşlər Nazirliyi araşdırır».
Dünən hadisənin baş verdiyi «Livan» kafesində də olduq. Kafenin şəklini çəkmək istəsək də, işçilər buna imkan vermədi. Daha sonra restorana girib iki kofe sifariş etdik və bundan sonra şəkil çəkməyə imkan tapa bildik.
Qeyd edək ki, bu gün gənclərin məhkəməsi olacaq. Dünən gecə saatlarında hələ məhkəmənin harada keçiriləcəyi bəlli deyildi.
__________________
http://natiqceferli.blog.ru/

Natiq Ceferli вне форума   Ответить с цитированием