Показать сообщение отдельно
Старый 03.05.2009, 19:44   #698
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,199 раз(а) в 1,382 сообщениях
Вес репутации: 119
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

03.05.2009 [08:44]
Yeni Musavat

FƏRDA QƏDİROV SNAYPER İMİŞ
Qanlı qətliamla bağlı sensasion təfərrüatlar
İstintaq PKK və Rusiya versiyası üzərində işləyir; Bakıdakı kürdləri tələsik və gizli şəkildə qeydə alırlar


Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) qaz-neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusda baş verən qanlı olayın törədicisi Fərda Qədirovun odlu silah atıcılığı üzrə xüsusi təlim keçdiyi, yəni tətikçi (snayper) olduğuna dair məlumatlar var. Əldə etdiyimiz informasiyaya görə, istintaq qrupu hadisənin baş verdiyi binada araşdırma apararkən orada 31 ədəd giliz aşkarlayıb. F.Qədirovun cəsədinin yanından bir ədəd «Makarov» markalı tapança ilə yanaşı üzərindən 89 ədəd 9 mm kalibrli patron da götürülüb.
İstintaqçılar onun qətliam zamanı 33-35 güllə atdığını müəyyənləşdiriblər. Bir neçə gilizin isə binada itdiyi güman olunur. «Məlum olduğu kimi, Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb. Onu tərksilah etmək istəyən tələbə Savalan Cabbarova isə 6 atəş açaraq qətlə yetirib. Fərda güllələrdən birini də ələ keçməmək üçün silahı başına dirəyərək özünə vurub. Hadisə zamanı zərərçəkənlərdən bir neçəsinə 2 güllə dəyib. Bu məlumatlar əldə ediləndən sonra Fərda Qədirovun tələbə və müəllimlərə açdığı atəşlərin hamısının hədəfə dəyməsi qənaətinə gəlinib»- deyə istintaqa yaxın mənbəmiz bildirib.

Terrorçunun Rusiyada xüsusi təlim keçdiyi deyilir

Terrorçunun ADNA-da törətdiyi qətliam zamanı yaranmış panikada özünü itirməməsi, onu tərksilah etmək istəyən S.Cabbarova 6 atəş açaraq öldürməsi, silahla davranışı bir daha təsdiq edir ki, o, xüsusi təlim keçib. Hadisədən sonra qətliamda istifadə olunan silahın Rusiya xüsusi xidmət orqanlarının xüsusi üsulla hazırladığı da üzə çıxdı. Bütün bunlar onu deməyə əsas verir ki, F.Qədirov Rusiyada xüsusi təlim keçərək Gürcüstana, oradan isə Azərbaycana göndərilib. Hərbi ekspert Xaqani Hüseynli də mətbuata açıqlamasında hadisənin analizi zamanı onun əvvəlcədən hazırlanmış terror aktı olması qənaətinə gəldiyini demişdi:"Hadisənin xarakterindən görünür ki, bu, xüsusi hazırlanmış terror aktıdır". X.Hüseynli xüsusi üsulla hazırlanmış «Makarov» tapançasını F.Qədirova sifarişçilərin verə biləcəyini də vurğulayaraq demişdi ki, belə silahlar hətta intensiv atəş rejimində çox sayda güllə atmaq qabiliyyətinə malikdir. F.Qədirovun uzun müddət Rusiyada yaşaması da bu versiyanın doğru ola biləcəyini söyləməyə əsas verir. Hazırda istintaq F.Qədirovun Rusiyadakı əlaqələrini də aydınlaşdırır. Onun cinayəti təkbaşına törətmədiyi barədə məlumatlar da var. Digər tərəfdən, F.Qədirovun uzun müddət yaşadığı Rusiyadan qəfildən Azərbaycana gəlmək istəməsi də onun bu addımı təsir altında atdığını söyləməyə əsas verir.

«Azərbaycanda teraktların kökü heç zaman Qərbdə olmayıb»

Şərq-Qərb Analitik Mərkəzinin rəhbəri Ərəstun Oruclu da yazdıqlarımızı təsdiqləyən açıqlama ilə çıxış edib. O, «Turan»a açıqlamasında faciənin arxasında Rusiyanın müəyyən dairələrinin dayandığını söyləyib: «Fikir verin ki, bu qanlı cinayəti törətmiş Fərda Qədirov Bakıya gəlməzdən əvvəl 15 il Rusiyada yaşayıb. Törətdiyi cinayət isə onu göstərir ki, o, çox yaxşı psixoloji və döyüş hazırlığı keçib. Bu isə xüsusi xidmət orqanlarının hadisədə əli olmasına dəlalət edir». Bundan əlavə, cinayət əvvəlcədən hazırlanmış sxem üzrə həyata keçirilib. Belə ki, binada tələbələrin ən çox olduğu vaxt seçilib. Eyni zamanda həmin vaxt binanı tərk etmək də asandır. Ə.Oruclu onu da bildirib ki, çox güman Qədirovun köməkçisi olub. Ekspertin fikrincə, Qədirovu da məhz köməkçisi məhv edib, izi itirmək üçün. Ə.Oruclu onu da deyib ki, indiyədək Azərbaycanda baş verən bütün teraktların və dövlət çevrilişlərinin izi-sorağı hər zaman Rusiyaya gedib: «1993, 1994, 1995-ci illərdəki kimi».

Polis kürdləri qeydiyyata götürməyə başlayıb

Xəbər verdiyimiz kimi, Qədirovlar Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndinə Ermənistandan köçüb gələn 12 kürd ailəsindən biridir. Daştəpədə onların nəslinə «kürd Qədirovlar» deyirlər. Bu fakt istintaqa da məlumdur və bizdəki dəqiq bilgiyə görə istintaq qrupuna «kürd-PKK» versiyasını ciddi şəkildə araşdırmaq tapşırılıb. Bizdəki daha bir məlumata görə artıq dünən səhərdən Bakı polisi «JEK»-lərin də qatılması ilə şəhərin ərazisindəki kürdləri qeydiyyata götürməyə başlayıb. Əsasən Nizami və Binəqədi rayonlarında yaşayan, kürd kökənli olan və kirayədə yaşayan şəxslərin qeyri-rəsmi şəkildə qeydiyyatı aparılır. İstintaqda Fərda Qədirovun bir neçə kürd kökənli şəxslə təmaslarına dair ilkin məlumatlar var. Tam ciddiyyətlə olayı Rusiyanın da müəyyən dairələrinin dəstəyi ilə PKK-nın törədə biləcəyi versiyası araşdırılır. Bildiyiniz kimi, yaranışından bəri PKK - Rusiya (əvvəllər SSPİ) əlaqələri var və bu qanlı hörgütün marksist ideologiyası üzərində qurulmasının əsas səbəbi də budur ki, onu vaxtilə Sovetlər Birliyinin KQB-si qurub. Hazırda istintaqın «PKK-Rusiya versiyası»ndan başqa radikal dini cərəyan faktorunun - konkret halda vəhhabizmin olayda iştirakı versiyası üzərində də işlədiyi məlum olub. Yəni araşdırılır ki, Fərda Qədirov vəhhabi, ya da başqa bir radikal təriqətin üzvü olub, yoxsa yox...

PKK Ərdoğana qarşı

Bu arada siyasi mühitdə yaxşı tanınan və məlumatlılığı ilə fərqlənən bir siyasi xadimin fikirləri də öz təsdiqini tapmaqdadır. Qəzetimizə açıqlamasında o, «bu terrorda hədəf Azərbaycan iqtidarıdır» demişdi: «İqtidara ciddi və son xəbərdarlıq olundu. Beynəlxalq güclərin və konkret halda Rusiyanın bütün oyunlarına baxmayaraq rəsmi Bakı Türkiyə ilə münasibətlərini qırmadı, son günlər hər iki ölkənin iqtidarları arasında təkrar sıcaqlaşma sürəci başlamışdı, liderlər hər gün telefonla danışırdı. Terror baş verən günün axşamı Türkiyənin baş naziri Tayyib Ərdoğan Bakıya gəlməli idi. Yalnız «Yeni Müsavat»ın yazdığı bu xəbər doğru idi; Türkiyənin AKP iqtidarının başçısı Bakıda olduqca sıcaq qarşılanma törəninə və uğurlu nəticələrə ümid edirdi. İndi məcburən bu səfər təxirə salınacaq. Türkiyə və Azərbaycanın bir arada olmaması, eyni zamanda Qarabağ probleminin həlli istiqamətində Rusiyanın iradəsindən kənar hər hansı bir təşəbbüsün aradan qaldırılması naminə hər şeyin yapıla biləcəyi mesajı verildi. Bundan bir neçə il öncə Rusiyanın iradəsindən çıxmaq istəyən Ermənistan iqtidarına verilən mesaj yadınızdadırmı? O zaman Rusiya İrəvanda parlamenti gülləbaran etdirdi, Ermənistan rəhbərlərini qətlə yetirtdi. Sürəc pozuldu... İndi Bakıdakı eyləm mahiyyət etibarilə 1999-cu ildə İrəvandakı eyləmlə eynidir..."
Ünvanını konkret olaraq göstərə bilmədiyimiz (mənbənin təhlükəsizliyi nöqteyi-nəzərindən) qaynağımız israr edir ki, olay Rusiyanın da yaxından dəstəyi ilə PKK-nın tərtibidir: "PKK Türkiyədə və dünyanın hər yerində AKP-yə qarşı savaş açıb. Bu hörgüt Türkiyənin birlik və bütövlüyünə qarşı düşmənçiliyini sürdürməklə yanaşı, kürd elektoratını onun əlindən alan, PKK-nın əksər sloqanlarını və demaqojilərini bitirən (kürd dilində televiziya açmaqla, kürd əşirətlərini tərəfinə çəkərək onların adamlarını parlamentə seçdirməklə, başqa vəzifələr və maddi dəstək verməklə) AKP-ni özünə və siyasətdəki təmsilçisi DTP-yə rəqib görməkdədir. Üstəlik, son bələdiyyə seçkilərindən sonra bəzi AKP-li kürdlərin vasitəsi ilə əldə edilmiş gizli anlaşma pozulub; PKK-çıları yenidən hər yerdə təqib etməkdədirlər, olay böyüyüb. Bu işə Azərbaycanı heç zaman qarışmamışdı; ölkə iqtidarina qarşı dəfələrlə PKK təhdidi olmuşdu və ən sonuncu da ötən ilə təsadüf edir...»


Gül PKK-nı Bakıya terror təşkilatı kimi niyə tanıda bilmədi?

Ötən il rəsmi Bakı, nəhayət ki, həvəslənib PKK-nı terror hörgütü elan etmək qərarını vermişdi. Bunu rəsmi Ankara həm xahiş, həm də tələb edirdi. Yalnız Bakıdan yox - bütün dünyadan, özəlliklə də Avropadan: «Türkiyə prezidenti Abdullah Gül Bakıda olanda bu məsələni razılaşdırmışdı. Hüquqi prosedur belə təmin edilmiş, Azərbaycanın Ədliyyə Nazirliyindən xüsusi qrup Türkiyəyə ezam olunmuş, orada gərəkən sənədləri və PKK-nın terror hörgütü oldugunu hüquqi dildə sübut edən digər bəlgələri toplamışdı. Parlamentdə siyasi mətbəxi bilən iqtidar deputatları PKK əleyhinə və onun terror hörgütü kimi tanınmasının vacibliyi barədə danışmağa başladılar. Amma qəfildən ləhcə dəyişdi; PKK Azərbaycan iqtidarı tərəfindən terror hörgütü kimi tanınmadı. Məsələnin üstünə gedən müxalifətə və mediaya aşkarda guya əhəmiyyət verilmədi. Amma onlara qeyri-rəsmi şəkildə sızdırıldı ki, PKK Azərbaycanı açıq şəkildə təhdid edir və ölkə böyük təhlükədədir. Azərbaycanda, Gürcüstanda və Türkiyədə neft kəmərini partladacaqları, Bakıda kütləvi qətliam törədəcəkləri, buraya »şəhid kəməri" geymiş kamikadze qadınlar göndərəcəkləri kimi hədələr olduqca ciddi təsir yaratdı..."

PKK Azərbaycandakı anlaşmasını iptal etdi?

Ölkə iqtidarında təmsil olunan və dünyadakı kürd mərkəzləri ilə əlaqələrə sahib olan güclü kürdlərin aracılığı ilə illərdir ki, PKK Azərbaycanda «işləmir», heç bir terror və eyləm yapmırdı. Onun son təhdidi istisna olmaqla bu hörgütün Azərbaycan iqtidarını qızdırmamaq, narahat etməmək kimi taktikası vardı. Bunun arxasında duran səbəbləri və şəxsləri dəfələrlə, həm də adları ilə yazmışıq. Amma indi mövzumuz bu deyil. Fəqət, hər hansı səbəbdən olsa da görünən budur ki, PKK Azərbaycanda atəşkəsi pozub.

Türk camesi hədəfdəymiş

PKK Şəhidlər Xiyabanında yerləşən Türk camesini hədəfə alıbmış. Bunu ötən dəfə də yazdıq, bu yazıda da göstərdik. Məhz bunu bilən Azərbaycan iqtidarı tələm-tələsik, hətta məntiqli bir izahat da vermədən günün günorta çağı cameni qapatdı. Hədəf Türkiyə-Azərbaycan münasibətlərini düşmənçilik həddinə gətirmək idi. Guya bir azərbaycanlı türklərin ermənilərlə yaxınlaşmasına etiraz olaraq məscidə girir və orada türkləri qırır... Azərbaycan hüquq-mühafizə orqanları onlarda olan əməliyyat məlumatları əsasında bunun qarşısını aldılar. Amma cinayəti tam durdura bilmədilər. Davam etməyəcəyinə də heç bir təminat yoxdur. BELƏLİKLƏ...
Bütün əlamətlərindən və əlimizdəki məlumatlardan görünür ki, Neft Akademiyasındakı qanlı qətliam əslində bir siyasi terror aktıdır. Bunu isə milliyyətcə kürd olan və 15 ildir Moskvada yaşayan, müxtəlif lagerlərdə atıcılıq təlimi almış Fərda Əsəd oğlu Qədirova yapdırdılar... Bundan belə yenidən olayın üzərinə qayıdaq və cinayət xronikasının bir-iki yarpağını da qeyd edərək mövzunu yekunlaşdıraq.


Atası terrorçu oğlundan imtina etdi, meyit Gürcüstana aparıldı

Dünən F.Qədirovun atası istintaq tədbirləri çərçivəsində oğlunun meyitinə baxış keçirmək üçün cəsədin saxlanıldığı Yasamal rayon meyitxanasına aparılıb. Lakin Əsəd Qədirov oğlunun meyitinə baxış keçirməkdən imtina edib. Bundan sonra ona oğlunun meyitinin şəkilləri göstərilib. Ə.Qədirov şəkildəki şəxsin onun oğlu olduğunu təsdiqləyib. Bundan sonra isə oğlundan imtina etdiyini deyib. Elə dünən F.Qədirovun meyiti ailəsinə təhvil verilib. Yaxınları onun meyitini dəfn etmək üçün Gürcüstana aparıblar.

«Cinayətkarın milliyyəti olmur»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov APA-ya qanlı qətliamla bağlı müsahibə verib. Müsahibəsindəki əsas məqam budur ki, cənab Gözəlov Fərdanın milliyyəti ilə baglı iddiaları təkzib etməyib. - Mətbuat orqanları cinayətkarın milliyyətcə kürd olduğunu yazırE - Cinayətkarın milliyyəti olmur. Bu ağır cinayət hadisəsini törədən millyyətcə kim olursa-olsun, Azərbaycanın tarixində görünməyən bir qəddarlıq edib, dəhşətli faciə törədib. Baş vermiş hadisə təkcə həlak olanların, yaralıların və onların yaxınlarının deyil, bütün xalqımızın faciəsidir. Ölkənin hüquq-mühafizə orqanları cinayət işinin bütün təfsilatlarının araşdırılması istiqamətində zəruri tədbirləri görür.

«Fərda deyirdi ki, atası həyatını puç eləyib»

Fərda Qədirovun kirayənişin qaldığı Çobanzadə küçəsi 65, mənzil 35 ünvanında yerləşən evin sahibi Arif Zahid oğlu Qabulov hazırda Gürcüstan Respublikasının Marneuli şəhərindədir. O, APA-ya açıqlamasında 1979-cu il aprelin 1-də Marneuli şəhərində anadan olduğunu, Bakıdakı evində - Çobanzadə küçəsi 65, mənzil 35 ünvanında qeydiyyata götürüldüyünü deyib. Hazırda Marneuli şəhərində yaşayan Arif Qabulov bir il əvvəl qəzaya düşüb, ayağı, qolu gipsdədir. O, Fərda ilə yalnız bir dəfə - evi kirayəyə verən gün, təxminən 2 ay əvvəl görüşdüyünü deyib: «Sakit, fağır oğlan idi. Bizə gələndə ona yemək verdik. Yeməyi də utana-utana yedi». A.Qabulov evi Fərdaya qardaşı Arizin kirayəyə verdiyini bildirib. Görüşdə iştirak edən Ariz Qabulov da F.Qədirov haqqında ətraflı bilgi verib: «Bu məsələdə Ariflik bir şey yoxdur. Biz Fərda ilə eyni kənddən deyilik, əvvəldən də bir-birimizi tanımamışıq. O, Daştəpəlidir, biz isə Mareulinin özündə yaşayırıq. Marneulidə poçtun yanında Bakıya gedən avtobuslara sərnişin yığırıq. Bir dəfə Fərda bizə yaxınlaşdı. Əynində qara kostyum vardı. Mənimlə söhbət etdi, Bakıda ev kirayələmək istədiyini bildirdi. Dedim ki, qardaşımın Bakıda evi var, sizə kirayəyə verə bilərəm. Dedi gedək baxaq, sövdələşək. Onda qardaşım Bakıda idi. Şəxsiyyət vəsiqəsi ilə bağlı getmişdi. Bakıya gedib evə baxdıq. 1 ayın pulunu - 300 dolları əvvəlcədən aldım. Bir ay sonra yenə Bakıya getdim. Mənə demişdi ki, Neft Şirkətində işə düzələcək. Bakıya gedəndə bu barədə soruşdum. Dedi ki, Gürcüstanda qeydiyyatda olduğu üçün işə götürmədilər. Sonra Əhmədlidə yerləşən marketə işə düzəlmək istədiyini söylədi. Deyirdi ki, orada marketdə daştəpəli oğlan işləyir. Ona marketdə işləməyə görə 400 manat maaş söz veriblər. Bu dəfə də ondan kirayə pulu aldım. Evi kirayəyə verəndən sonra 5 dəfə Bakıda olmuşam. Onunla görüşəndə çox sakit adam təsiri bağışlayırdı. Soruşdum ki, 29 yaşın var, niyə evlənmirsən. Dedi ki, xalası qızını sevir. Bir dəfə də Bakıya gedəndə maşın xarab olmuşdu, iki gecə qardaşımın evində Fərda ilə gecələdim. O, mənə deyirdi ki, atası həyatını puç eləyib, xalası pis adamdır. Atası xalasının dediyi ilə oturub-durur. Onu da demişdi ki, ata-anası ilə qurtarıb, çünki istədiyi qızı ona almırlar. Fərda onu da deyirdi ki, atası ona Bakıda, Əzizbəyov rayonunda torpaq sahəsi alıb». Ariz Qabulov baş vermiş hadisə ilə əlaqədar saxlanmış Nadir Əliyevlə Fərda Qədirovun münasibətlərinə dair məlumatı olmadığını da deyib: «Mən Fərdanı evdə həmişə tək görmüşəm. Nadir adlı adamla tanışlığı barədə isə eşitməmişəm». Ariz Qabulov hadisə ilə əlaqədar Bakıya prokurorluğa çağırıldığını, bu gün Azərbaycana yola düşəcəyini də açıqlayıb.

Respublika Prokurorluğu açıqlama yayacaq

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov «Yeni Müsavat»a açıqlamasında qanlı qətliamla bağlı bu gün açıqlama veriləcəyini bildirdi: «Mətbuatda bu və ya digər mənbələrə istinadən məlumatlar yayılır. Bəzi məlumatların dəqiqləşdirilməsinə ehtiyac var. O cümlədən istintaqın gedişatı ilə bağlı rəsmi açıqlamamız olacaq».

Yaralılardan 3-ü əməliyyat olunacaq

Qətliam zamanı yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən üç xəstə əməliyyat olunacaq. Mərkəzdən verilən məlumata görə, hadisə nəticəsində yaralanan 10 nəfərdən 8-i bu xəstəxanada yerləşdirilib. 1 xəstə 4 saylı şəhər klinik xəstəxanasında stasionar müalicə alır. 1 saylı Dəmiryol Xəstəxanasına yerləşdirilən bir yaralı isə dünən evə buraxılıb. Yaralıların 5-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Onların 6-da güllə yarası baş və sifət nahiyəsində, 2-də sinədə, 1-də isə bud nahiyəsindədir. Bütün xəstələrdə birincili cərrahiyə işlənməsi aparılıb, 5-i isə artıq əməliyyat olunub.

Müsavat Partiyası qanlı olayı pisləyən bəyanat yaydı

Dünən Müsavat Partiyası Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsi ilə bağlı bəyanat yayıb. Bəyanatın yekununda deyilir: «Müsavat Partiyası bu qanlı terror hadisəsini qətiyyətlə pisləyir və hakimiyyətdən tələb edir ki, qısa müddət ərzində hadisənin səbəbləri barədə ictimaiyyətə məlumat versin. Partiya habelə bu qanlı olayda əli olan digər şəxslər varsa, tapılaraq dərhal cəzalandırılmasını tələb edir. Biz terror hadisəsi nəticəsində həlak olan şəxslərin ailə üzvlərinə, yaxınlarına, akademiyanın kollektivinə, eləcə də bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, onlara Ulu Tanrıdan rəhmət diləyir, yaralananlara isə şəfa arzulayırıq».

Mahir TURAN
3411 dəfə baxılıb




Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием