Показать сообщение отдельно
Старый 26.01.2009, 04:41   #205
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

II Dünya Müharibəsi və
Ondan Sonrakı Dövrdə Müsavatın Fəaliyyəti

İkinci dünya müharibəsinin başlanması mühacir təşkilatlarının fəaliyyətini canlandırmışdı. Bu dövrdə alman və rus qoşunları tərəfindən Polşanın işğalı ilə əlaqədar M.Ə.Rəsulzadə başda olmaqla digər müsavatçılar Polşanı tərk edib əvvəlcə İngiltərəyə, 1940-cı ildə isə Rumıniyaya gəlmişlər. Burada onlar Ankara və Berlin komitələri vasitəsilə fəaliyyətlərini davam etdirmişlər[1]. Müsavatın Berlin komitəsinə Hilal Münşi, Ankara komi*təsinə isə Kərim Odər başçılıq edirdi[2]. Azərbaycanda bolşe*viz*mə qarşı üsyanların amansızlıqla yatırılması müsavatçıları belə qənaətə gətirmişdir ki, qəddar bolşevizm yalnız xarici qüvvələrin köməyi ilə məhv edilə bilər. Buna görə də SSRİ-yə qarşı müharibə elan etmiş hər hansı bir dövlətə, təbii olaraq, müttəfiq kimi baxılırdı. İlk vaxtlar Almaniya Sovet İttifaqı ilə ittifaq müqaviləsi bağladıqdan sonra müsavatçılar Qərb dövlətlərinə böyük ümidlə baxırdılar. Sovet İttifaqı Almaniya ilə Polşanı böləndə, Baltik ölkələrinin müstəqilliyinə təcavüz edəndə, Finlandiyanı darmadağın edəndə müsavatçılar və digər mühacir təşkilatları İngiltərə, Fran*sa, Skandinaviya və başqa Avropa ölkələri tərəfindən SSRİ-yə qarşı müharibə başlanacağını gözləyirdi. Bu dövrdə Azərbaycan mühacirləri SSRİ-yə və Almaniyaya qarşı mübarizədə Qərb döv*lətlərini müttəfiq hesab edirdilər. Lakin Qərb dövlətləri faşizm təhlükəsi qarşısında SSRİ ilə ittifaqa üstünlük verdilər. Bu müna*sibətlə Ə.Fətəlibəyli yazırdı: «Bizim xatirimizə Qərb döv*lətləri Kremllə ittifaqdan imtina etmədikləri kimi, biz də onların xatirinə atalarımızın ənənələrini tapdayıb xalqımızı kölə halına salmış Böyük Rusiya və Sovet İttifaqı uğrunda vuruşa gedə bilməzdik»[3].

Müharibənin əvvəllərində Hitler Almaniyası bolşevizmə qarşı mübarizədə rus müstəmləkəsi altında olan xalqların mühacir təşkilatlarının fəaliyyətini canlandırmağa çalışırdı.Bu məqsədlə Azərbaycan milli-azadlıq hərəkatının lideri, Müsavatın rəhbəri M.Ə.Rəsulzadə 1941-ci ildə Almaniyanın Şərq Nazirliyi tərəfindən Almaniyaya dəvət olundu. M.Ə.Rəsulzadə nazirliyin siyasi bölməsindəki Qafqaz şöbəsinə rəhbərlik edən professor fon Mende ilə görüşdü. Fon Mendenin əməkdaşlıq təklifi ilə əlaqədar M.Ə.Rəsulzadə bildirmişdi ki, yalnız Almaniya Azərbaycanın müstəqilliyini tanıyacağı təqdirdə o, birgə işləməyə razılıq verə bilər. Görüş zamanı M.Ə.Rəsulzadə Azərbaycan türklərinin yəhu*dilərlə eyniləşdirilib kütləvi şəkildə güllələnməsi faktı ilə əlaqədar narahatçılığını bildirmişdi. M.Ə.Rəsulzadənin qeydsiz-şərtsiz Azərbaycanın müstəqilliyinin tanınması şərtinə qarşı, almanlar Müsavatın X. Xasməmmədov qrupuna üstünlük verərək, onlarla dialoq qurmuş və seçilərək Berlinə gətirilən əsirlərdən ibarət yeni mühacirlərdən Müsavata qarşı alternativ olaraq istifadə etmək yolunu tutmuşdular[4].

Bəzi məlumatlara görə, Almaniyaya əsir düşən Azərbaycan türklərinin sayı 150 min, bütün türklərin və başqa Qafqazlıların sayı isə milyona çatırdı[5].

Bu dövrdə hərbi düşərgələrə səpələnmiş Azərbaycan türkləri çox acınacaqlı vəziyyətdə idilər. Hərbi düşərgələrdə dözülməz işgəncələrə məruz qalan Azərbaycan türkləri yavaş-yavaş qırılmağa başlayırdı. Belə şəraitdə Almaniyanın Azərbaycanın müstəqilliyini tanıyıb-tanımamasından asılı olmayaraq, Azərbaycan türklərinin şərəfini, ləyaqətini və həyatını qorumağa səy gös*tərmək tələb olunurdu. Bu zaman Azərbaycan türkləri ara*sında böyük nüfuza malik olan mayor Əbdürrəhman Fətəlibəyli-Düdənginski (o, 1940-cı ildə Moskvada Hərbi Akade*miyanı bitirmiş, 1941-ci ildə Almaniya tərəfinə keçmişdi) 1941-ci ilin avqustunda Azərbaycan legionlarının təşkilinə icazə verilməsi xahişi ilə Hitlerə məktub göndərir. Bu zaman «İldırım sürətli müharibə» planı hazırlayıb, müharibəni 1941-ci ilin qışına qədər başa vuracağına əmin olan Hitler milli legionların təşkilinə heç bir əhəmiyyət vermirdi. Lakin Hitlerin «İldırım sürətli müharibə» planı boşa çıxdıqdan sonra «1941-ci ilin dekabrın 22-də rəsmən türküstanlı, gürcü və Qafqaz müsəlman legionlarının təşkilinə» icazə verildi[6]. Qafqaz müsəlman legionu sonradan Azərbaycanlı və Şimali Qafqaz legionu olmaq etibarı ilə iki yerə ayrıldı.

İlk legionların qərargahı əsasən Polşada yerləşirdi. Azərbaycan legionu əvvəlcə Abbas bəy Ataməlibəyov, Fətəlibəyli-Dü*dən*ginski və Fuad Əmircandan ibarət qrup tərəfindən idarə olunurdu[7].

70 min Azərbaycan türkünü özündə birləşdirən legionda «Azərbaycan» və «Hücum» adlı qəzetlər çapdan çıxırdı. Legionların təşkilindən sonra M.Ə.Rəsulzadə və Hilal Münşi tərəfindən Berlində Milli Azərbaycan komitəsi yaradıldı. Milli Azərbaycan Komi*təsinin əsas vəzifəsi Azərbaycanın müstəqilliyini alman hökum*ətinə qəbul etdirməkdən ibarət idi. Onun proqramında deyilirdi ki, «Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilas və istiqlalı üçün mübarizə aparmaq, Qafqaz millətlərinin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq Komi*tənin əsas qayəsini təşkil edir»[8]. M.Ə.Rəsulzadə sonralar yazırdı: «Milli Azərbaycan Komitəsi təşəkkül etmişdir. Bu Komitə Milli Azərbaycan davasının əsaslarını Alman məqam*larına qəbul etdirmək üçün fəaliyyətə keçmişdir»[9]. Lakin Hitler Almaniyası əsas üs*tünlüyü Azərbaycan legionerlərinə və xüsusən milli legionlarla alman ordu qərargahı arasında yaradılan Azərbaycan Rabitə hey*ətinə verirdi. Milli Azərbaycan Komitəsi gec də olsa müstəqilliyin tanınma*sına nail oldu. Tanınma aktı 1945-ci ilin 17 martında im*zalandı. Bu, bir tərəfdən Almaniyanın müharibədə məğ*lubiyyəti ilə əlaqədar idisə, digər tərəfdən müstəqillik uğrunda milli-azadlıq mücahi*d**lərinin apardığı dönməz mübarizəsinin nəticəsi idi.

Qeyd edək ki, M.Ə.Rəsulzadə təşkil edilmiş Azərbaycan legionları ilə əlaqə saxlayır və onların fəaliyyətini istiqamətləndirirdi. 1943-cü ildə M.Ə.Rəsulzadə Azərbaycan legionları qarşı*sında çıxış edərək, onların öz istiqlaliyyəti uğrunda mübari*zə aparan xalqlara qarşı vuruşmasının əleyhinə olduğunu bildirən bəyannaməni açıqladı. Bununla əlaqədar M.Ə.Rəsulzadə Hitlerin göstərişi ilə 1943-cü ilin axırlarında Almaniyanı tərk etməyə məcbur oldu. Bir müddət Buxarestdə və Vyanada qaldıqdan sonra M.Ə.Rəsulzadə 1945-ci ildə yenidən Almaniyaya qayıdır. Müharibə qurtarandan sonra M.Ə.Rəsulzadəyə aydın oldu ki, alman əsirliyindən geri qayıdan Azərbaycan türkləri «Vətənə xəyanətdə» ittiham olunaraq kütləvi şəkildə güllələnirlər. Bu əsirlərin həyatını xilas etmək məqsədilə M.Ə.Rəsulzadə Münhendə 1945-ci ildə «Azərbaycan Demokrat Birliyi» cəmiyyətini yaratdı. Cəmiyyət ilk növbədə bu qanlı prosesin qar*şı*sını almaq üçün Amerika, İngiltərə hökumətlərinə bəyanatlarla müraciət etmişdir. «Azərbaycan Demokrat Birliyi» cəmiyyəti əsirlərin həyatının xilas edilməsində mühüm rol oynadı. Cəmiyyət əsirlərə müraciət edərək onları vətənə geri dönməkdə tələsməməyə və onların digər dövlətlərdə məskunlaşmasına kömək edəcək qısa adı «ADB» olan Azərbaycan Demokrat Birliyi ətra*fında birləşməyə çağırırdı[10]. Bu məqsəd*lə M.Ə.Rəsulzadənin rəh*bərliyi altında Türkiyə-Azərbaycan cəmiyyəti də yaradılmışdı. Bu cəmiyyət Türkiyə hökuməti ilə danışıqlar aparıb əsirlərin Türkiyəyə gətirilməsi üçün icazə ala bilmişdi.

1947-ci ildə Münhendə M.Ə.Rəsulzadə 33 səhifəlik «Azərbaycan tarixindən» kitabını Azərbaycan Demokrat Birliyinin üzvləri - Əhməd Yaşad, Məhəmməd Kəngərli, Heydər Atakın köməyi ilə nəşr etdirdi. ADB-nin üzvləri kitabı Avropadakı Azərbaycanlılara yaydılar. 1947-ci ilin axırlarında M.Ə.Rəsulzadəyə Türkiyəyə qayıtmağa icazə verildi. Türkiyədə onun əsas işi buraya gələn Azərbaycan əsirlərini yerləşdirməkdən ibarət idi. Gələnlərin sayı çoxaldıqca onların bir təşkilat ətrafında birləşməsi zərurəti meydana çıxırdı.

Bu məqsədlə M.Ə.Rəsulzadə 1949-cu ilin fevral ayının 1-də Azərbaycan Kültür Dərnəyini yaratmışdır. Dərnəyin bu adla yaradılmasının əsas səbəbi o dövrdə Türkiyə hökumətinin digər mühacirlər kimi Azərbaycan türklərinin siyasi fəaliyyətinə də icazə verməməsi olmuşdur. Bununla əlaqədar Azərbaycan Kültür dərnəyinin Nizamnaməsinin birinci maddəsində yazılmışdır: «Azərbaycan Kültür Dərnəyi adı ilə bir dərnək qurulmuşdur. Dərnək siyasətlə uğraşmaz. Mərkəzi Ankaradadır. Şöbəsi yox*dur»[11]. Nizamnaməyə görə, dərnəyin əsas məqsədi «Azərbaycanı, onun tarixini, mədəniyyətini öyrənmək, işləmək və yaymaq, kitab, qəzet və jurnal çap etmək və mədəniyyət yığıncaqları tərtib etmək, ehtiyacı olan Azərbaycan türklərinə maddi və mənəvi yardım göstərməkdən» ibarət olmuşdur[12].

Dərnəyə ən azı iki adamın zəmanəti ilə 18 yaşına çatmış hər bir türk üzv ola bilərdi. Dərnəyə girərkən 250 quruş giriş pulu verilir, ildə 1200 quruşa qədər üzvlük haqqı alınırdı. 41 maddədən ibarət olan nizamnamə dərnəyin fəaliyyətini istiqa*mətləndirirdi. Dərnəyin ilk toplantısında doktor İbrahim Bədəl M.Ə.Rəsulzadənin dərnəyin fəxri sədri seçildiyini elan etdi. Məmməd Altun*bəy, Həmid Ataman və Əziz Alpautdan ibarət qrup yaradıldı. Bu qrup dərnəyin ilk qurultayı çağırılana qədər tam səlahiyyətlə dər*nəyin işinə rəhbərlik etməli idi.

1952-ci il aprelin 1-də Azərbaycan Kültür Dərnəyinin orqanı olan «Azərbaycan» jurnalının ilk nüsxəsi çapdan çıxdı. Bu jurnalda tarix, sənət, ədəbiyyat, kültür və milli mövzularda dəyərli məqalələr, M.B.Məmmədzadənin və Ə.V.Yurdsevərin Azərbaycan milli azadlıq hərəkatına dair yazıları yayınlanmışdı.
1953-cü ildə Türkiyədəki mühacirlər arasında siyasi fəallıq nəzərə çarpırdı. Bununla əlaqədar olaraq, M.Ə.Rəsulzadə 1924-cü ildə yaratdığı Azərbaycan Milli Mərkəzini yenidən təşkil etmiş və 25 nəfərdən ibarət bir mərkəz qurmuşdu. M.Ə.Rəsulzadə mərkəzin işinə əsasən gəncləri cəlb edərək, onun siyasi fəaliyyətində bir canlanma yaratmışdı[13].

Azərbaycan Milli Mərkəzi hələ 1951-ci ilin noyabr ayının 30-da Münhendə Şərqi Avropa, Qafqaz və Türküstan mühacirlərinin toplantısında iştirak etmişdi. Konfransda Polşa, Litva, Latviya, Estoniya, Çexiya, Slovakiya, Xorvatiya, Macarıstanın nümayəndələri iştirak edirdilər. Konfrans Levitskinin başçılığı altında keçirilirdi. Müzakirələrdən sonra konfrans 7 maddədən ibarət qərar qəbul etmişdi. Qərarda deyilirdi: «Azərbaycan, Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Belorusiya, İdil-Ural, Qazaxıstan, Krım, Türküstan və Ukrayna milli təşkilatlarının təmsilçiləri olan bizlər, azad millətlərin əfkari-ümumiyyələrinə və siyasi mü*hitlərinə müraciət edir və rus-bolşevik imperializminə qarşı yap*dıqları mübarizədə millətlərimizə yardım və Atlantik bəyannaməsi prinsipləri daxilində hürr millətlər cərgəsinə qatılmalarını təmin etmələrini rica edirik»[14].

Qafqaz Respublikalarının müstəqilliyini Bərpa etmək uğrunda mübarizədə birgə işin əsaslarını hazırlamaq və müzakirə etmək üçün Azərbaycan, Gürcüstan, Şimali Qafqaz Milli Mərkəzləri 1952-ci il dekabrın 11-15-də Münhendə konfrans keçirmişdi[15]. Burada Qafqaz xalqları konfransının Bəyannaməsi qəbul edilmişdi. Bəyannaməni Azərbaycan tərəfindən M.Ə.Rəsulzadə, Gürcüstan tərəfindən R.Qabaşvili, Şimali Qafqaz tərəfindən A. Maqoma imzalamışdı.Bəyannamədə göstərilirdi ki, konfrans Qafqaz xalqlarının ruslaşdırılması siyasəti yeridən Moskvanın imperialist zülmünə qarşı müqaviməti gücləndirmək və Qafqaz Respublikalarının müstəqilliyini Bərpa etmək uğrunda mübarizəni genişləndirmək məqsədilə bu xalqların Milli Mərkəzlərinin birgə fəaliyyətini təşkil etməyi zəruri hesab edir. Eyni zamanda konfrans Qafqaz Respublikalarının suverenliyinin Bərpasından sonra da onların Qafqaz Konfederasiyası prinsipləri əsasında sıx birliyini zəruri hesab edirdi. Konfrans dünya ölkələrinə müraciətlə bildirirdi ki, Sovet Rusiyasının işğalçılıq siyasəti 1939-cu ildə Polşa və Pribaltika dövlətlərinə hücumla deyil, 1919-cu ildə Ukraynanın və 1920-1921-ci illərdə Qafqaz Respublikalarının işğal edilməsi ilə başlamışdır. Konfrans Birləşmiş Millətlər Təşkilatına müraciət edərək,Qafqaz xalqlarına qarşı xüsusi amansızlıqla həyata keçirilən genosidə son qoyulması üçün təcili tədbirlər görülməsini xahiş etmişdi. Konfrans eyni zamanda Qafqaz xalqlarının milli azadlıq mübarizəsinə rəhbərlik etmək və xaricdə onu təmsil etmək üçün «Müstəqil Qafqaz Komitəsi» adlı orqanın yaradıldığını göstərirdi[16].

Konfrans 1952-ci il oktyabrın 16-da Münhendə yaradılmış Anti-bolşevik Mübarizəni Əlaqələndirmə Mərkəzi ilə (ABMƏM) əməkdaşlığa münasibətini bildirərək belə bir əməkdaşlığın mümkün olmadığını qeyd etmişdi. Çünki ABMƏM 1951-ci ilin 7 noyabrında imzalanmış Visbaden sazişi kimi yalnız Baltik dövlətlərinin işğal faktının qəbul edir və Qafqaz Respublikalarının müstəqilliyinin Bərpa edilməsi prinsiplərini rədd edirdi. Konfrans iştirakçıları həmin sazişləri imzalamış Qafqazlıları ittiham edərək göstərirdilər ki, onlar bununla Qafqaz xalqlarının milli-azadlıq mübarizəsini Rusiyanın daxili işi səviyyəsinə endirmişlər[17]. Azərbaycan Milli Mərkəzi və Müsavat Partiyası, onun lideri M.Ə.Rəsulzadə Qafqaz xalqları ilə birlikdə aparılan milli-azadlıq mübarizəsini beynəlxalq səviyyəyə qaldırmaq və böyük dövlətlərin dəstəyini almaq üçün səylərini davam etdirirdilər.

1955-ci ildə Müsavatın lideri M.Ə.Rəsulzadənin vəfatından sonra Partiyaya və Azərbaycan Milli Mərkəzinə Mirzə Bala Məmmədzadə rəhbərlik etmişdir. Bu zaman M.B.Məmməd*zadə Münhendəki Sovetlər Birliyini Tədqiq Institutunda çalışırdı. İnstitutda Elmi şuranın sədri olan M.Ə.Məmmədzadə 1957-ci il iyulun 26-da Münhendə keçirilən «Qırx illik sovet hakimiyyəti» adlı elmi konfransın təşkilatçısı olmuşdur. Konfransda aşağıdakı möv*zulara aid çıxışlar edilmişdir:
1. Bolşevizmin ideoloji təməlləri və məruz qaldığı dəyi*şikliklər; 2. Bolşevik diktatorluğunun öz inkişaf mərhələlərində aldığı siyasi və dövlət formaları; 3. Milli problem və həlli vasitələri; 4. Bolşevizmin «Sosialist cəmiyyəti» qurmaq uğrundakı mübarizəsi; 5. Sovet ədəbiyyatının və sənətinin sovet cəmiyyəti həyatını Partiya siyasəti ruhunda tərbiyə etmək üçün əsas amil olaraq istifadə edilməsi; 6. Sovetlər Birliyinin xarici siyasəti[18].

1959-cu ildə M.B.Məmmədzadənin vəfatından sonra Ankarada Müsavatın növbəti Məclisi keçirilmiş və Kərim Odər Müsavatın başqanı seçilmişdir. Bu dövrdə Azərbaycan Milli Mərkəzinə də müsavatçı Əbdülvahab Yurdsevər rəhbərlik edirdi.

Araşdırmalar göstərir ki, altmışıncı illərdə müsavatçılar daha çox həmin dövrdə fəaliyyət göstərən antisovet təşkilatlarda təmsil olunaraq, kommunizmə qarşı ideoloji mübarizəyə üstünlük verirdilər. Bu dövrdə müsavatçılar «Azərbaycan» jurnalında Azərbaycanın istiqlal tarixi ilə bağlı M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin, Ə.V.Yurdsevərin, K.Odərin və digər müsavatçı liderlərin məqalələrini nəşr etdirərək, müsavat ideologiyasını təbliğ edirdilər.

1965-ci il dekabrın 11-də müsavatçıların təmsil olunduğu Azərbaycan Kültür Dərnəyinin 16-cı konfransı keçirildi. Konfransı Azərbaycan Milli Mərkəzinin başqanı, Müsavatın liderlərindən biri olan Ə.Vahab Yurdsevər açmışdır. Müsavatın başqanı Kərim Odər konfrans başqanlığına, Heydər Atak ikinci başqanlığa, Hüseyn Cahid Ağüzüm və Ənvər Roman katibliklərə seçilmişlər. Konfransda dərnəyin maliyyə vəziyyəti ilə bağlı yeni mənbələrin axtarılması, «Azərbaycan» jurnalının yeni formada çıxarılması, kommunizmlə mübarizədə daha cəsarətli hərəkət edilməsi problemlərinə aid müzakirələr aparılmışdır[19]. 70-ci illərdə ağır maddi məhrumiyyətlərə baxmayaraq, müsavatçılar «Azərbaycan» jurnalının nəşrini davam etdirərək Sovet mətbu*atında onlara qarşı aparılan böhtan kompaniyasına tutarlı cavablar verirdilər.

1981-ci ildə Kərim Odərin vəfatından sonra doktor Məhəmməd Azər Aran Azərbaycan Milli Mərkəzinin və Azərbaycan Milli Müsavat Xalq Partiyasının başqanı seçilmişdir. Partiyanın yeni rəhbərliyi aşağıdakı şəxslərdən ibarət idi: doktor Məhəmməd Kənkərli-başqan yardımçısı; Əhməd Qaraca-Baş katib; Feyzi Ağüzüm-mühasib oldular[20].

80-cı illərdə müsavatçıların fəaliyyəti daha çox kommunizm və Sovet hökuməti əleyhinə, Azərbaycandakı vəziyyətə aid yazılar çap etdirməklə, 28 may istiqlal gününü, 27 aprel Azərbaycanın işğalı gününü və digər mühüm hadisələri qeyd etməklə, elmi konfranslar keçirməklə məhdudlaşırdı.

Müsavatın mühacirətdəki fəaliyyətinin təhlili göstərir ki, müsavatçılar mühacirətdə əsasən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərmişlər:

- Partiya liderləri mühacirət həyatının ilk günlərindən Partiyanın fəaliyyətinin Bərpasına başlamış və mütəşəkkil təşkilat yaradılmasına nail olmuşlar. Müsavatın Xarici Bürosu və onun müxtəlif ölkələrdə yaradılmış komitələri qısa müddətdə təşkilatlanma işini başa çatdıraraq, Azərbaycanla əlaqə yarada bilmiş, daxildəki Müsavat təşkilatlarını təlimatlandıraraq, onların Sovet hakimiyyətinə qarşı mübarizəsinə rəhbərlik etmişdir.

- Müsavat Rusiyanın müstəmləkəsi altında olan millət və xalqların mühacirətdəki istiqlalçı Partiya və təşkilatları ilə sıx əlaqə yaratmış və bolşevizmə qarşı mübarizədə rus məhkumu olan xalqların vahid antisovet mübarizə blokunun yaradılmasının təşəbbüsçüsü və fəal iştirakçısı olmuşdur. Xüsusilə, Müsavat taleləri eyni olan Qafqaz xalqlarının ümumi düşmənə qarşı birgə fəaliyyətinin zəruriliyini dərk edərək Qafqaz Konfederasiyası ideyasını irəli sürmüş və bu istiqamətdə əməli fəaliyyət göstərmişdir.
- Müsavatın liderləri SSRİ-nin müstəmləkəçilik siyasətini qəbul etməyən dövlətlərlə əlaqələr yaradaraq müstəqilliyin Bərpası uğrunda mübarizədə onların dəstəyinə arxalanmışlar. Partiya, o cümlədən müxtəlif səviyyəli konfrans və toplantılarda iştirak edərək böyük dövlətlərə və beynəlxalq təşkilatlara müraciət etmişdir. Bununla da Partiya Azərbaycan məsələsinin SSRİ-nin daxili işi səviyyəsindən beynəlxalq səviyyəyə qaldırma*ğa səy etmiş və Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi faktını dünyanın böyük dövlətlərinə və beynəlxalq təşkilatlara qəbul etdirmək uğrunda mübarizə aparmışdır. Eyni zamanda Müsavatın liderləri kommunizmə qarşı ideoloji mübarizə apararaq müsavatçılığı təbliğ edən məqalələr nəşr etdirmiş və keçirilən elmi konfranslarda kommunist ideologiyasının əsaslarını kəskin tənqid etmişlər.
- Partiya uzun müddət mübarizə əzmini saxlayaraq, müstəqillik uğrunda mübarizədə dönməzlik göstərərək xalqın milli ruhunun və mübarizə əzminin qorunub saxlanmasına müsbət təsir göstərmişdir.

* * *

[1] Müsavat Partiyasının sorğu kitabı. Bakı, 1994, səh. 27.

[2] AMTN arxivi, f.1358, siyahı 2, iş 541, v.6.

[3] Ə. Fətəlibəyli. "General L. Biçeraxova açıq məktub". -"Sabah" qəzeti,
12-30.06.1992.

[4] Müsavat Partiyasının sorğu kitabı. səh. 28.

[5] "Sabah" qəzeti, 12-3O.06.1992.

[6] Mühlen,Patrik Von zuz.Camalihac ile Kızılyıldız arasında. Ankara,1984,səh.54

[7] Mühlen,Patrik Von zuz.Camalihac ile Kızılyıldız arasında. Ankara, 1984,səh.112.

[8] "Yeni Kafkasya", N9, Münhen,1952.

[9] "Azerbaycan" jurnalı, 9 (33), Ankara, 1954. səh.11.

[10] "Müxalifət" qəzeti, 17.O4.1996.

[11] Azerbaycan Kültür Derneyinin Nizamnamesi, Ankara,1949.

[12] "Azerbaycan" jurnalı, N1, Ankara, 1952.

[13] N. Yaqublu. Məmməd Əmin Rəsulzadə. səh.244.

[14] "Kafkasya" jurnalı, N4/5, Münhen, 1951, səh. 48.

[15] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1, siyahı19, iş 8923, v.101.

[16] Yenə orada, v.101-102.

[17] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f.1,siyahı19, iş 8923, v.102-103

[18] "Azerbaycan" jurnalı, ¹ 5(65), Ankara, 1957, səh. 15.

[19] "Azerbaycan" jurnalı, ¹163-166, Ankara, 1965, səh. 31.

[20] N. Yaqublu. Müsavat Partiyasının tarixi. Bakı, 1997. səh.259.

ночной дозор вне форума   Ответить с цитированием