Показать сообщение отдельно
Старый 26.01.2009, 04:38   #203
Местный
 
Аватар для ночной дозор
 
Регистрация: 16.07.2008
Сообщений: 155
Сказал(а) спасибо: 8
Поблагодарили 30 раз(а) в 22 сообщениях
Вес репутации: 12
ночной дозор на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

http://www.kitabxana.org/site/index....&page=1&id=331
Məryəm Oruclu

Müsavatın 1920-1930-cu illərdə
Azərbaycanda gizli fəaliyyət dövrü

27 aprel işğalından əvvəl Müsavat Azərbaycandakı bü*tün siyasi Partiyalara, o cümlədən aldadılmış bəzi türk zabitlərinə Lenin Rusiyanın planlarının nədən ibarət olduğunu ciddi izah edirdi. Lakin müxalifətdə dayanan İttihad, Hümmət, Xalqçı Sosialist Partiyaları nəinki Müsavatın milli birlik çağırışına qo*şulmadılar, hətta hakimiyyətə gəlmək ümidilə daha da fəallaşdılar.

Rus istilasından sonra Sovet hökuməti çalışırdı ki, Azərbaycanda olan siyasi Partiyalar yeni hökuməti tanıdıqları haqqında bəyanatla çıxış etsinlər. İlk vaxtlar Müsavat istisna olmaqla, digər siyasi Partiyalar rəsmi bəyanatla çıxış edərək Sovet hökumətini tanıdıqlarını bildirmişlər. Bunun müqabilində həmin Partiyaların liderləri yüksək vəzifələrlə təmin olundular. İşğaldan sonra Əhrar Partiyasının üzvləri Müsavat Partiyasına daxil oldular, İttihad Partiyası ilə aldadıldığını başa düşərək antisovet hərəkatın fəal iştirakçısı oldu.

Aprelin 29-da yerli bolşeviklər Müsavatdan xaric edilmiş Xəlil İbrahim və Süleyman Abdullayev vasitəsilə Bakıda fövqəladə Müsavat konfransı çağırmağa nail oldular. Konfransda Müsavatın buraxılması və bolşevik platformasının qəbul edilməsi təklifi müzakirə olundu. Lakin konfrans yekdilliklə bu təklifi rədd edərək «bolşeviklər verdikləri və imza etdikləri vədlərinə sadiq qalacaqları təqdirdə Müsavat onlara qarşı loyal buluna*caqdır» şəklində qərar qəbul etdi. Konfransın bu qərarından sonra İnqilab komitəsi sədrinin müavini Mirzə Davud Hüseynov «siz inti*hara qərar verirsiniz» sözlərini demişdi[1]. Bununla da Müsavat rus istila rejiminə qarşı çətin, mürəkkəb mübarizə dövrünə qədəm qoydu.

27 aprel işğalından sonra Azərbaycanın sovetləşməsi prosesi sürətlə həyata keçirilməyə başlandı. Bakının Qırmızı Ordu tərə-findən işğalından iki gün sonra türk komandanlar ruslarla əvəz edildilər[2]. Bir qədər sonra isə Osmanlı zabitlərinin bir qismi həbs edildi, bir qismi isə sürgünə göndərildi. XI Qırmızı Ordunun Siya*si şöbəsinin rəisi V.A.Pankratovun rəhbərliyi altında yara*dılmış «ÇK»lar müdhiş surətdə qanlı edamlar həyata keçirməyə başla*dılar.

Bakıda yaradılmış yeni hökumət formal olaraq Nəriman Nərimanov başda olmaqla Azərbaycan Kommunist Partiyasının digər üzvlərindən təşkil olunmuşdu. Əslində isə bütün real haki*miyyət Azərbaycan Kommunist Partiyasının Mərkəzi komitəsinin katibi, Qırmızı Ordu komandanlığı və ÇK-nin əlində idi ki, bunların da əksəriyyəti ruslar, ermənilər və gürcülərdən ibarət idi. Azərbaycanda bolşevik hakimiyyətinin ruslaşdırma siyasəti əsa*sən iki istiqamətdə aparılırdı. Birincisi, iqtisadiyyatda ciddi mərkəzləşdirmə sistemi yaradılır, ikincisi isə mədəniyyət sahəsində «formaca milli, məzmunca sosialist» şüarı altında mədəniyyətin ruslaşdırılması həyata keçirilirdi. İqtisadi mərkəzçilik nəticəsində Moskvada qəbul edilən bütün dekretlər eyni ilə Azərbaycana tətbiq edilirdi.
Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesi «Azneftkom» adlandırılmış bir müəssisə tərəfindən idarə olunurdu. Moskvadan göndərilmiş Serebrovskinin rəhbərlik etdiyi bu təşkilat birbaşa Rusiyaya tabe olmaqla tamamilə muxtar bir qurum kimi fəaliyyət göstərirdi.

Azərbaycan Türkmənistandan sonra ikinci pambıq əkin sahəsinə çevrilərək Rusiya üçün xammal mənbəyi rolunu oynayırdı. Rus köçkünləri sayəsində «siyasi və iqtisadi müəssisələrdə işçilərin sayı Azərbaycanlıların zərərinə olaraq dəyişirdi»[3].

Xaricdə Azərbaycan yalnız Ankara və Moskvada təmsil olunurdu. Moskvada Azərbaycanı Solovyov adlı bir rus, Ankarada isə İ.Əbilov təmsil edirdi.

Aprel işğalından bir ay keçmiş Azərbaycan xalqı müdhiş bir is*tilaya məruz qaldığını dərk etdi. Müstəqilliyinin itirildiyini, Milli Ordusunun dağıldığını, sərvətinin talandığını, qabaqcıl ziyalıları*nın təqib olunduğunu görən xalq müstəmləkə rejiminə qarşı üs*yan etdi. Üsyanın əsas bazasını Milli Ordunun zabit və əsgərləri təşkil edirdi. Gəncə, Tərtər, Ağdam, Şuşa, Şəki, Zaqatala, Lənkəran, Quba, Göyçay rus işğal rejiminə qarşı ciddi müqavimət gös*tərirdi. Bu üsyanlardan ən böyüyü Gəncədə baş verən üsyan olmuşdur. 1920-ci ilin mayından başlayaraq üsyanı yatırmaq üçün Qırmızı Ordu buraya 8 minlik qüvvə gətirməyə məcbur olmuşdur.

Üsyanın Gəncədə daha böyük vüsət almasının bir sıra səbəbləri var idi. Birincisi, Gəncə milli ideologiyaya və şərəfli tarixi ən*ənəyə malik olaraq müsavatçılığın əsas mərkəzi idi. Burada Müsavatın İdris Əliyevin rəhbərlik etdiyi Gəncə təş*kilatı daha böyük gücə və nüfuza malik idi.

İkincisi, Gəncədə Müsavatın rayon təşkilatından əlavə, digər antisovet təşkilatlar-İttihad, «Allahlılar İttifaqı və Milləti-islam», «Əz*ra*il firqəsi», «Həqiqət ordusu», «Gədəbəy orqanı» adlı təş*kilatlar da fəaliyyət göstərirdi. Bu təşkilatlar ümumi düşmənə qarşı mübarizədə Müsavatla həmrəy idilər.

Ciddi müqavimətə baxmayaraq, bir həftəyə qədər davam edən üsyan amansızlıqla yatırılmışdı.

Ümumiyyətlə, Azərbaycanda rus işğal rejiminə qarşı «1923-cü ilə qədər 53 dəfə, İkinci dünya müharibəsinə qədər isə 200-dən çox» üsyan faktı göstərilir[4]. Bu üsyanların başında Sultan bəy Sul*tanov, Bəhlul Əfəndi, Qasım Çələbi-Qarabağda, Həmdulla Əfəndi - Qubada, Camal Paşa - Lənkəranda və b. dururdu[5].

Araşdırmalar göstərir ki, Müsavat bolşevik işğalının ilk günündən sovet rejiminə qarşı mübarizəyə başlamışdır. Ə.Vahab Yurdsevər yazırdı: «27 aprel axşamı Mirzə Bala ilə birlikdə M.Ə.Rəsulzadənin evinə gedərək məsləhət almış və yoldaşları***mı*z**dan Məmməd Sadıq Quluzadə və Məmməd Həsən Baharlı ilə birlikdə mərhum şair Cəfər Cabbarlının şəhər kənarındakı evində ilk gizli Partiya mərkəzini qurmağa qərar vermişdik»[6].

Azərbaycanda sovetləşmənin ilk günlərində Müsavatın sıralarında müşahidə olunan sol cərəyanın 25 nəfərə qədər üzvünün daxil olduğu təşəbbüs qrupu yaradılmışdı. Görkəmli müsavatçılardan Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Məmməd*zadə, Məmməd Sadıq Quliyev, Qasım Qasımov, Seyid Zər*gərin təmsil olunduğu bu qrup aprelin 29-da Süleyman Abdullayevin Voroşilov küçəsindəki mənzilində sol müsavatçıların yı*ğın*cağını keçirmişdir. Məmməd Sadıq Quliyevin Az. DSİ–yə verdiyi ifadədən aydın olur ki, yığıncağın keçirilməsində əsas məqsəd «Partiyanın (solların) ümumi toplantısını çağırmağa nail olmaq və burada Partiyanın leqal fəaliyyəti üçün Sovet hökuməti ilə danı*şıqlar aparmaq üçün nümayəndə seçmək» olmuşdur[7]. İki gün sonra dövlətin rəsmi icazəsi ilə keçmiş şəhər dumasının binasında ümumi toplantı keçirildi. 300 nəfərə qədər Partiya üzvünün iştirak etdiyi bu toplantıda təşəbbüs qrupunun təklifi ilə hakimiyyətin ünvanına hazırlanmış deklarasiya qəbul edildi. Eyni zamanda 15 nəfər namizədin içərisindən Mirzə Bala Məmməd*zadə, Seyid Zərgər, Əbdül Vahab, Süleyman Abdullayev, Qasım Qasımov və Məmməd Sadıq Quliyevdən ibarət Partiyanın Mərkəzi Komitəsi seçildi. Lakin iki aydan sonra məlum oldu ki, Partiyanın leqal fəaliyyət göstərməsinə icazə verilmir. Buna baxmayaraq, Partiyanın Mərkəzi Komitəsi fəaliyyətini dayandırmadı, gizli iş şəraitinə keçməyə məcbur oldu[8].

Yaradılmış gizli komitə tamamilə gənc və yeni qüvvələrdən ibarət idi. Ağır iş şəraitinə, terrora və təqiblərə baxmayaraq, bu gənclər Partiyanın çar hökuməti dövründəki konspirativ sistemini Bərpa edə bilmişlər. Azərbaycanın bütün bölgələrində Müsavatın yerli təşkilatları yenidən Bərpa edilərək gizli fəaliyyətə keçirilirdi. Müsavatçılar tərəfindən gizli mətbəə yaradılmış, istiqlal dövründə çıxan «İstiqlal» qəzetinin nəşri yenidən Bərpa edilmişdir.

İşğaldan sonra gizli Müsavat təşkilatı olan «İstiqlal»ın sədrliyinə Mirzə Bala Məmmədzadə, müavinliyinə Əbdül Vahab Yurd*se*vər, baş katibliyə Cəfər Cabbarlı, təşkilat katibliyinə Məmməd Sadıq Quluzadə, maliyyə katibliyinə Məmməd Həsən gətirilmişdi. Partiyanın Mərkəzi Komitəsi yanında aşağıdakı komissiyalar fəaliyyət göstərirdi: Siyasi işlər, təşkilat və təbliğat, maliyyə ko*mis*siyaları. Bir qədər sonra keçmiş parlament üzvü Rəhim Vəkilli Mərkəzi Komitə üzvülüyünə qəbul olunaraq siyasi işlər komis*siyasına rəhbərlik etmişdir[9].

Gizli Müsavat təşkilatı üç nəfərdən ibarət qruplar şəklində qurulmuşdu. Yalnız şəhər komitələri və onlar ətrafında qurulan ko*mis*siyalar və Mərkəzi Komitə komissiyaları beş və ya yeddi nəfərdən ibarət yaradılmışdı.

Ə.V.Yurdsevərin yazdığına görə, Gizli Müsavat təşkilatı bütün fəaliyyəti dövründə heç bir kənar qüvvə və dövlətdən maddi yardım almamışdır. Görülən işlər üçün lazım olan pullar öz üzvlərindən və himayə edən vətəndaşlardan alınırdı.

Son dərəcə zərurət olmadıqda təşkilat daxilində protokol, yazı və vəsiqələrdən istifadə edilmirdi. Belə bir zərurət olduqda isə şifrə üsulundan istifadə olunurdu. 28 may kimi tarixi günlərdə sınanmış yoldaşlardan 40-50 nəfərlik gizli ümumi toplantılar təşkil olunurdu. 1922-ci ilin mayında belə bir toplantı Rəhimzadənin Suraxanıdakı evində keçirilmişdi[10].

Gizli Müsavat təşkilatı Şimali Qafqaz və Gürcüstanın milli təşkilatları ilə əlaqə yaratmışdı. 1920-ci ilin dekabrında Müseyib Bədəlbəyov Mustafa Vəkilovla əlaqə yaratmaq və beynəlxalq vəziyyət haqqında informasiya, göstəriş və maddi kömək almaq üçün Tiflisə göndərilmişdi. M.Bədəlbəyov bir qədər pulla bərabər aşa*ğıdakı məlumatlarla qayıtmışdı. «Gürcülər ermənilərə, ermənilər gürcülərə inanmır. Onlar bir-birini aldadırlar. Türkiyənin vəziyyəti ağırdır, onun ərazisinin bir hissəsi Antantanın işğalı altında*dır. Türkiyə yalnız öz azadlığı uğrunda mübarizə aparır. İngiltərə və Fransa kimi güclü dövlətlərə isə inanmaq olmaz. Onlar bir əsgərlərini belə qurban verməzlər. Lakin hər bir qruplaşmaya yardım edəcəklər ki, toqquşmalar, çəkişmələr baş alıb getsin. Bu isə Müsavatın prinsipləri ilə ziddiyyət təşkil edir. Təşkilatlanmaq la*zım*dır ki, Sovet hökumətinin süqutu zamanı başqalarının haki*miyyəti ələ keçirməsinə imkan verilməsin. Hər cür avantüradan qaçmaq lazımdır. Gürcülərin daxili vəziyyəti qeyri-stabildir. Gən*cə üsyanı vaxtında qarışıqlıqdan istifadə edən ermənilərin xeyli türk qırmasını unutmaq olmaz»[11].
Qeyd etmək lazımdır ki, bu dövrdə Sovet hökuməti bir tərə*fdən ağır dağıntılara gətirib çıxaran vətəndaş müharibəsi ilə üz-üzə qalmış, digər tərəfdən isə Antanta ölkələri tərəfindən bloka*daya alınmışdı. Eyni zamanda Qafqazın Sovet hökumətindən təmiz*lənməsi haqqında İngiltərənin tələbi ilə əlaqədar şayiələr və Bakıya türk ordusunun gətirələcəyi haqqında söhbətlər ölkədə gər*ginliyi daha da artırırdı. Bu amillər Partiyanın fəaliyyətinin güc**lənməsinə öz təsirini göstərirdi. Bununla əlaqədar, təşkilatlanmanın ilkin mərhələsini qurtaran Müsavat «Müstəqil Azərbaycan» şüarı ilə öz qeyri-leqal fəaliyyətini daha da genişləndirdi. Araşdırmalar göstərir ki, 1923-cü ilə qədər (müsavatçıların ilk kütləvi həbsinə qədər) gizli Müsavat təşkilatının strukturu aşağıdakı kimi olmuşdur: 1) 5 nəfərdən ibarət Mərkəzi Komitə (MK) və onun nəzdində siyasi komissiya; 2) 3 nəfərdən ibarət Bakı Komitəsi (BK); 3) həm MK-nın, həm də Bakı Komitəsinin nəz*dində hər biri beş nəfərdən ibarət hərbi şöbə; 4) şəhərlərdə özəklər və qəzalarda təşkilatlar[12].

Azərbaycan Dövlət Siyasi İdarəsinin məlumatlarından aydın olur ki, 1921-ci ilin axırlarında Müsavat «Müstəqil Azərbaycan uğrunda!» şüarı ilə hakimiyyəti ələ almağa hazırlaşırdı. Bununla əlaqədar olaraq, Partiyanın hərbi təşkilatının əsası qo*yulmuşdur. Hərbi təşkilat aşağıdakı formada fəaliyyət göstərirdi: Qulubəyov tərəfindən rəhbərlik edilən MK yanında üçlük; MK yanındakı üçlüyə tabe olan aşağı üçlüklər.

İlkin mərhələdə, yəni 1923-cü ilə qədər MK yanındakı hərbi üçlüyə Qulubəyov, İbrahim Axundzadə və Mövsüm İbrahimov daxil idi.

1923-cü ildən sonra isə MK yanındakı hərbi şöbə daha geniş tərkibə malik olmuşdur. Buraya Sadıq Quliyev, Əhməd Hacınski, Əli Hüseyn Dadaşov, İbrahim Axundzadə, İdris Axundzadə və İsrafil Vəkilov daxil idilər. 1923-cü ildən sonra hərbi təşkilat aşa*ğıdakı təşkilat quruluşuna malik idi: 1) MK nəzdində hərbi şöbə; 2) BK nəzdində beşlik; 3) rayonlarda hərbi döyüş hissələri; 4) rayonlarda özəklər[13].

MK yanında hərbi şöbənin (hərbi mərkəzin) əsas rəhbəri Əh*məd Hacınski hesab olunurdu. Hərbi Mərkəz Respublika ərazi*sindəki hərbi təşkilatlara rəhbərlik edirdi. Eyni zamanda hərbi mərkəz hərbi kadrların hazırlanmasında və digər qərarların icra*sında əsas rəhbər orqan hesab olunurdu. Hərbi şöbənin cəmi 3 iclası olmuş, onlar da Əli Hüseyn Dadaşovun evində keçirilmişdir. Arxiv materiallarından aydın olur ki, bu iclaslarda hərbi mərkəzin və özəklərin formalaşmasına aid Quliyevin məlumat xarak*terli məruzələri, MK yanında yaradılmış hərbi beşlikdəki vəziyyət, beşliyin təşkilat quruluşu və vəzifələri barədə təlimat (bu sənəd Ə.Hacınski və Əli Hüseyn Dadaşov tərəfindən hazırlanmışdır) müzakirə edilmişdir[14]. BK yanında yaradılmış hərbi təşkilat Bakı qəzasında ümumi rəhbərliyi həyata keçirirdi. Qəza rayonlara bölünmüş, hər bir rayona rəislər təyin edilmişdi. Bu rəislər yerli hərbi özəklərə rəhbərlik edirdi. Hər bir hərbi təşkilat aşağıdakı şöbələrə malik olmalı idi: təşkilat şöbəsi, operativ şöbə, təchizat şöbəsi, təbliğat və təşviqat şöbəsi. Hər bir rayon rəisi öz rayonunu bütün sahələrdə öyrənməli idi. Rayon hərbi təş*kilatları yalnız Müsavatın icazəsi ilə hərəkət edə bilərdi. Rayon rəisləri müntəzəm olaraq hərbi rəhbərlərlə əlaqə saxlayırdı[15].

BK yanındakı hərbi beşliyə həm MK-nın, həm də BK-nın aşağıdakı nümayəndələri daxil idi: Nurulla Qulubəyov, İbrahim Axundzadə, Nəsrulla Rzabəyov, Mövsüm İbrahimov, İbrahim Atakişiyev. Beşliyə daxil olan hər bir adam aşağıdakı istiqamətdə işlər aparmalı idi: 1) Qulubəyov və Həsənovun icazəsi ilə təşkilata yeni üzvlər cəlb etmək; 2) Müsavatın xeyrinə təbliğat aparmaq; 3) Milli ədəbiyyatı öyrənmək, latın əlifbasının əleyhinə iş aparmaq (o vaxt bütün türk dünyası ərəb əlifbasından istifadə etdiyi üçün 1926-cı ilə qədər müsavatçılar latın əlifbasının təbli*ğinə qarşı çıxmışlar)[16]. MK yanındakı beşlik müntəzəm olaraq Da*daş Həsənovun, İbrahim Atakişiyev və Mövsüm İbrahimovun mənzilində yığışırdı. Hərbi təşkilatda ideya-tərbiyə işlərinə böyük əhəmiyyət verilirdi. Bu işə Əbdül Vahab Məmmədzadə rəhbərlik edirdi. Rayonlarda və sıravi üzvlər arasında təbliğat işinə M.Niya*zi rəhbərlik edirdi[17].
1925-ci ildə MK-nın birinci tərkibində yaranmış fikir ayrılığı və təqiblərin güclənməsi ilə əlaqədar hərbi təşkilatın fəaliyyəti zəifləməyə başlamışdır. Xüsusilə, 1923-1926-cı illərdə keçirilən kütləvi həbslər nəticəsində, MK-nın və hərbi rəhbərliyin əsas fəalları həbs edilmiş və hərbi təşkilatın tamamilə zəifləməsinə gətirib çıxarmışdı.

1920-1937-ci illərdə gizli Müsavat təşkilatı rus işğalına etiraz edən və xalqı mübarizəyə çağıran bəyannamələr çap etdirərək xalq içərisində yayırdı. 1923-cü ildə istilanın üçüncü ildönümü münasibətilə Partiyanın nəşr etdirdiyi bəyannamədə deyilirdi: «Bu gün hər kəsə aydındır ki, 27 aprel faciəsi kommunistlərin hər yerdə çığırdıqları kimi Azərbaycan kəndli və fəhləsinin inqilabı deyil, sadəcə rus ordusunun vəhşicəsinə istilasıdır. Azərbaycan türk xalqının məsum axan qanından fışqıran milli intibah rus ordusunun son qəbir daşı olacaqdır. Ey türk xalqı, səni azad edəcək qanlı mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu mübarizə xilas edəcəkdir»[18].

28 May, 27 aprel və 15 sentyabrda müntəzəm olaraq yayılan bu bəyannamələr hökuməti tədbirlər görməyə məcbur edirdi.

1920-ci ilin axırlarından 1923-cü ilin ortalarına qədər Fövqəla*də Komissiya Müsavat üzvləri arasında seçmə həbslər apardı. Bir ay-ay yarım çəkən istintaqdan sonra məhbuslar buraxılırdılar. Həbsə alınanlar içərisində Kərbalayi Vəli Mikayil oğlu Mi*kayilov, Rəhim Alı Ağa oğlu Vəkilov, Qurban İsabala oğlu Məmmədov, Salman Məmməd oğlu Rəhimov, Məşədi Haşım oğlu İslamov, Novruz Ağa oğlu Ağayev, Baba Hüseyn oğlu Cəbiyev, ümumiyyətlə, 30-dan çox müsavatçı vardı[19].

Pankratovun rəhbərlik etdiyi XI Ordunun Xüsusi şöbəsi Bakıda və Azərbaycanın başqa şəhərlərində yaradılan bölmələrində «Sovet hakimiyyətinin düşmənləri»nin siyahılarını tərtib edirdi. Bu siyahılara əsasən xüsusi şöbənin özündə və bütün rayonlarda Fövqəladə üçlüklər təşkil edilir və bütün «düşmənlər» bu üçlüklərin qərarlarına əsasən həbs düşərgələrinə sürgün olunurdular. Tezliklə XI Ordunun Xüsusi şöbəsini əvvəl Fövqəladə Komissiya (ÇK), sonra isə Baş Siyasi İdarə əvəz etdi. Lakin Fövqəladə üç*lüklər öz işlərini əvvəlki kimi davam etdirərək sürgün etməkdən əlavə çox asanlıqla güllələnmə qərarlarına əl atırdılar[20].

ZaQafqaziya Fövqəladə Komitəsinin sərəncamı ilə 1923-cü ilin axırlarında müsavatçıların birinci kütləvi həbsləri keçirilmişdir. «ÇK»-*nın təzyiqi altında avqustun 14-də MK-nın həbs olunmuş iki üzvünün və bir neçə Partiya üzvlərinin imzası ilə Partiyanın buraxılması və azadlıqda qalan müsavatçıları Sovet hökumətinin plat*formasını qəbul etməyə çağıran bəyannamə buraxıldı[21]. Lakin azad*lıqda olan müsavatçılar xüsusi vərəqələr yayaraq, bu bəyan*namənin təzyiq altında imzalandığını bildirmişlər.

1923-cü ilin sentyabrında gizli mətbəə aşkar edilərək ikinci həbslər həyata keçirildi. Həbs olunanlar içərisində Əbdül Vahab Məmmədzadə, Kərbalayi Vəli Mikayilov, Rəhim Vəkilov da var idi. Mətbəədə işləyən Məmməd Sadıq Quluzadə həbslərlə əlaqədar gizli şəraitə keçməyə məcbur olmuşdu. Həbs olunanlar SSRİ-nin şimal bölgələrinə sürgün edilmişdilər. Bu zaman Bakı*da olan Xarici Büronun üzvü Mirzə Bala Məmmədzadə İrana getməz*dən əvvəl Əhməd Hacınskiyə və Dadaş Həsənova bildirmişdi ki, onlar MK-nın ikinci tərkibinə təsdiq olunmuşlar[22].

Beləliklə, ağır şəraitə baxmayaraq, MK-nın ikinci tərkibi yara*dılaraq Partiyanın gizli fəaliyyəti davam etdirilmişdir. MK-nın ikinci tərkibi 1926-cı ilin noyabrına qədər fəaliyyət göstərmişdir. Onun fəaliyyətinin əsas istiqamətlərini aşağıdakılar təşkil edir: həm təş*kilati, həm də taktiki istiqamətdə Müsavatın qeyri-leqal fəaliyyətini Bərpa etmək: M.Ə. Rəsulzadənin şəxsində İs*tan*bulda olan Xarici Büro ilə, İranda mühacirətdə olan M.B.Məmməd*zadə və M.S.Quluzadə ilə əlaqə saxlamaq; Türkiyə konsulluğu ilə əlaqə saxlamaq; ümumi kəşfiyyat xarakterli materiallar toplamaq; hərbi təşkilatı Bərpa etmək; hakimiyyətin ələ keçirilməsinə hazırlıq. MK-nın rəhbərləri Dadaş Həsənov və Əhməd Ha*cınski 5-6 illik gizli iş təcrübəsinə malik idilər. Onlar il*kin dövrlərdə Sovet hökumətinə qarşı silahlı mübarizənin tərəf*darları olmuşlar. Lakin hər cür açıq üsyan cəhdlərinin darma*da*ğın edilməsi ilə əlaqədar MK-nın ikinci tərkibi əsasən kadrların tər*biyəsi ilə bağlı iş aparmışdır. MK Müsavatın Xarici Bürosunun direktivləri əsasında fəaliyyət göstərmişdir[23].

1925-1926-cı illər Partiyanın fəaliyyətinin canlanması ilə xarak*terizə olunur. Bu dövrdə müsavatçılar bir tərəfdən ideoloji işi gücləndirir, digər tərəfdən isə hərbi üsyana ciddi şəkildə hazırlıq görürdülər. Ayrı-ayrı kəndlərdə təşkilatın özəklərinin yaradılması xey*li sürətlənmişdi. Bu dövrdə Bakı təşkilatının aşağıdakı özəkləri mövcud idi: 1. Nardaran-rəhbəri Nağdəli Ağa Dadaş oğlu; 2) Maş*tağa - rəhbəri Balod; 3) Güzdək - rəhbəri Ağaverdi; 4) Kürdə*xanı- rəhbəri Əli Dost Kərim oğlu; 5) Saray - rəhbəri Salman Kərim oğlu; 6) Qala - rəhbəri Kərbəlayi Mövsüm; 7) Qobu - rəhbəri Allah*verdi Bədəl oğlu; 8) Keşlə - rəhbəri Nüsrət Quliyev; 10) Şüvəlan - rəhbəri Mövsüm Quliyev; 11) Binəqədi - rəhbəri Firu*din Aslanbəyov[24].

1926-cı il martın 11-də Azərbaycan Fövqəladə Komissiyasının sərəncamı ilə MK-nın üzvləri Dadaş Həsənov, Əhməd Hacınski, MK-nın müvəkkili Əli Yusifzadə və 34 nəfər Partiya üzvü həbs edilmişdi. Oktyabr ayında keçirilən növbəti həbslər zamanı Partiyanın 31 üzvü həbs edilmiş və bununla da MK-nın ikinci tərkibi ləğv edilmişdir[25].

1926-cı ilin həbslərindən sonra Partiyanın fəaliyyətində qısa müddətli durğunluq yaranır. Lakin az sonra MK-nın üçüncü tərkibi formalaşır. Belə ki, 1927-ci ilin əvvəllərindən müsavatçılar yeni*dən fəallaşırlar və qısa müddət ərzində güclü iş aparırlar. 1927-ci ildən sonra Müsavat əsasən gənclərin ideya-siyasi tər*biyəsi və onlarda milli ruhun yüksəldilməsi istiqamətində iş aparmışdır. MK-nın üçüncü tərkibinin sədri Məmməd Əli Ata*məmmədovun istintaq zamanı verdiyi ifadədən aydın olur ki, bu dövrdə «MK-nın əsas işi gənclərin ideya-siyasi mübarizəsini, onların milli ruhda inkişafını təmin etmək, bolşevik ideolo*giyasının gənclərə təsirinin qarşısını almaqdan» ibarət olmuşdur[26]. Lakin 1927-ci ilin oktyabrında keçirilən kütləvi həbslər nəticəsində MK-nın və BK-nın sonuncu tərkibi ləğv edilmiş, Balaxanı-Sabunçu rayon komitəsi və Bakı təşkilatının fəalları həbs edilmişdi. Ümumiyyətlə, bu dövrdə keçirilən əməliyyatlar nəticəsində 241 nəfər həbs edildi[27]. Eyni zamanda Qarabağ vilayət komitəsi, Lən*kəran, Şamaxı qəza komitələrinin fəalları həbs edilmişdi. Bu həbslərdən sonra Partiyanın fəaliyyətində yenidən fasilə yaranmışdı.

1928-ci ilin əvvəllərindən başlayaraq, BK-nın sonuncu tərkibinin üzvü Məmməd Qulu Babayev Partiyanın fəaliyyətini yeni*dən Bərpa etməyə cəhd edir. Bu dövrdə kütləvi həbslərin keçirilməsi ilə əlaqədar Bakıda müsavatçıların fəallığının zəifləməsi mü*şahidə olunurdu. Bunun nəticəsində Bakı müsavatçıları ittihadçılarla ümumi təşkilat yaratmaq cəhdləri etmişlər. Belə ki, şəx*si tanışlıq əsasında bir-birinin mənzillərinə yığışıb siyasi və ədəbi möv*zularda söhbət edən köhnə müsavatçıları və ittihadçıları Sovet hökumətindən ümumi narazılıq birləşdirirdi. 1928-ci ilin mayında keçirilən belə yığıncaqların birində köhnə müsavatçılar və ittihadçılar Mirzə Cəlil Yusifzadə, Əli Heydər Babayev, Əhməd Ha*cıyev, Yusif Əli Əliyev, Yusif Nəcəfov, Məmməd Salayev və baş*qaları «Müstəqil Azərbaycan» adlandırdıqları təşkilatın təşəb*büs mərkəzini yaratdılar. Bu təşkilatın əsas vəzifəsi Azərbaycan mü*hacirlərinin işi və beynəlxalq vəziyyət haqqında mün*təzəm olaraq informasiya almaq məqsədilə Müsavatın Xarici Bü*rosu və onun İrandakı komitələri ilə əlaqə yaratmaqdan ibarət olmuşdur. 1928-ci il may ayının axırlarında «Müstəqil Azərbaycan» təş*kilatı öz üzvləri Əliyev və Hacıyev vasitəsilə Türkiyənin Bakıdakı vitse-konsulu ilə əlaqə yaratmış və onun vasitəsilə M.Ə.Rəsulzadəyə «Ocaq-Saz» qəzeti, antisovet xarakterli şerlər, M.Ə.Rəsulzadənin ailəsinin məktubunu və köhnə müsavatçıların Bakıda ümumi vəziyyəti haqqında məktub göndərmişdir.
Təşkilat sürgün edilmiş müsavatçıların vəziyyətini yüngülləşdirmək və Sovet hakimiyyət orqanlarında ümumi vəziyyəti öyrənmək məqsədilə 2 nəfər kommunisti öz tərəflərinə çəkmişdir. 1928*-*ci ilin iyulunda bu kommunistlərdən biri təşkilatın keçirdiyi yığıncaqlarla əlaqədar hökumətin informasiyaya malik olması haqqında təşkilat üzvlərini xəbərdar etmiş və həbslərdən yayınmaq üçün təşkilatın işini dayandırmağı təklif etmişdir. «Müstəqil Azərbaycan» təşkilatının üzvləri güclü repressiyalardan ehtiyat edərək öz fəaliyyətlərini qeyri-müəyyən vaxta qədər dayandırmışlar. Bundan bir qədər sonra keçmiş müsavatçıların daxil olduğu təşəbbüs üçlüyü adlanan qrup antisovet fəaliyyəti fəallaşdırmağa cəhd etmişdir. Bu qrupa Mirhəsən Mustafa, Ağa bəy, Ələsgər Əliyev daxil idilər. Bu üçlük müntəzəm olaraq yığışır və yeni üzvlərin cəlb edilməsi ilə məşğul olurdu. Lakin bir neçə müsavatçının güllələnməsindən sonra onlar öz fəaliyyətlərini dayandırdılar[28].

Qeyd etmək lazımdır ki, bu dövrdə müntəzəm olaraq keçirilən həbslər nəticəsində yerli qeyri-leqal təşkilatların Müsavatın Xarici Bürosu və komitələri ilə əlaqələrində müəyyən müddət fasilə yaranır və çətinliklərə baxmayaraq bu əlaqələr yenidən Bərpa olunurdu. Qeyd edildiyi kimi, Bakı müsavatçıları ilə Xarici Büronun İrandakı komitələri arasında əlaqələr Müsavatın Lənkəran təş*kilatı vasitəsilə həyata keçirilirdi. Daha güclü və yaxşı təşkil olunmuş Lənkəran təşkilatı İranla sərhəddə yaşayan keçmiş zabit Məmməd Həsən Hüseynov vasitəsilə İranla əlaqə saxlayırdı. Lakin 1927-ci ilin may-iyun aylarında Hüseynovun bolşeviklərə işləməsi haqqında Təbriz komitəsinin məlumatına əsasən, Ma*sallı komi*təsinə onunla bütün əlaqələri kəsmək göstərişi verilmişdi. Bununla əlaqədar 1927-ci ilin 20 iyununda təşkilatın qərarı və Ərdəbildə Təbriz komitəsinin nümayəndəsi Cəfər Cəfərovun ça*ğırışı ilə Masallı komitəsinin katibi gizli olaraq Sovet-İran sərhədini keçərək Ərdəbilə gəlmiş və burada Cəfər Cəfərovla görüşmüşdür. Cəfər Cəfərov Lənkəran müsavatçılarının işi və vəziyyəti haqqında məlumat almış və ona 177 nüsxə müxtəlif müsavat ədəbiyyatı («Azəri Türk», «Prometey» və s.) və təşkilat üçün tapşırıqlar vermişdir: 1. Ayda bir dəfədən az olmayaraq İranla əla*qə saxla*maq və bu məqsədlə daimi vasitəçi ayırmaq, Lənkəran müsavatçılarının İranla bütün əlaqələri Masallı Komitəsi müsavatçıları vasitəsilə olmalıdır. Masallı komitəsi Bakı müsavatçıları ilə əlaqə yaradır. İrana məktub yazmamaq və İrandan gələn məktublara inanmamaq, əgər belə məktublar olsa, deməli, onları İranda lap çox olan Sovet agentləri göndərmişlər. Bütün sərəncam və göstərişlər şifahi veriləcəkdir; 2. Üzvlər ara*sında maksimum iş aparmaq, onlardan ləyaqətli, ciddi, siyasi məsələlərdən baş çıxaran şüurlu döyüşçülər hazırlamaq; 3. Azərbaycan ərazisində silahlı qüvvələr və artilleriya anbarlarının yerləşməsi haqqında məlumatlar toplayıb təcili olaraq İrana göndərmək; 4. M.Ə.Rəsulzadə Fransadan qayıdan kimi bütün təşkilatlara təlimatlar göndəriləcəkdir. Azərbaycanda yerli təşkilatların işinə rəhbərlik üçün plan nəzərdə tutulmuşdur. Məsələn, Bakı təş*kilatı üzrə işə Məmməd Sadıq Quliyev, Lənkəran təşkilatı üzrə işə isə Mirzə Səlim Axundzadə rəhbərlik edəcəkdir. Təşkilatın bütün üzvlərinə bildirin ki, tezliklə müharibə olacaq. (bu haqda dəqiq məlumatı M.Ə.Rəsulzadə gətirəcəkdir). Müharibə başlayan kimi bütün təşkilatlara silahlı üsyan təşkil etmək üçün təşkilatçılar göndəriləcəkdir.

1928-ci il avqustun 28-də Masallı komitəsinin 4 üzvünün və bir neçə fəal müsavatçının iştirak etdiyi yığıncaq keçirilmiş və bura*da əsasən beynəlxalq vəziyyət haqqında informasiya, direktiv və ədəbiyyat gətirmək üçün İrana nümayəndə göndərilməsi məsələsi müzakirə olunmuşdur. Yığıncaqda Təbriz Komitəsi ilə əlaqə saxlamaq üçün Masallı komitəsinin nümayəndəsi kimi Qubad Cahangir oğlunun namizədliyi təsdiq edilmişdir.

Lənkəran müsavatçılarının fəallığının artması da müşahidə olunurdu. Belə ki, 1928-ci il fevralın 1-də təşkilatın 160 üzvü var idi*sə, artıq iyun ayında təşkilat genişlənərək özündə 237 üzvü birləşdirirdi[29].

Qeyd edək ki, 1927-ci ildən sonra Azərbaycanda müsavatçıların fəaliyyətinə Azərbaycana Milli Mərkəzi (AMM) rəhbərlik edirdi. 1930-cu ilin axırlarına qədər azadlıqda qalan müsavatçılar Müsavatın Xarici Bürosu ilə və AMM ilə əlaqə saxlayaraq öz fəaliyyətlərini onların direktivləri əsasında qururdular.

Sovet hökumətinin kollektivləşdirmə siyasəti ilə əlaqədar olaraq, 1929-1932-ci illərdə müsavatçılar Partiyanın fəaliyyətinin ağırlıq mərkəzini kəndə keçirdilər. Kolxozlaşma və sovxozlaşma prosesinin başlanması ilə əlaqədar, Xarici Büro Bakıya müra*ci*ət*namə göndərərək müsavatçıların qarşısında mühüm tarixi vəzifələrin durduğunu qeyd edirdi. Sovet kəşfiyyatının məlumatlarında bu vəzifələrin bütün ölkədə kiçik özəklər yaratmaq, Azərbaycanda gedən proseslər və təşkilatların vəziyyəti ilə Xarici Büronu müntəzəm şəkildə məlumatlandırmaq, müxtəlif təbəqələr və zümrələr arasında təbliğatı gücləndirmək, yerli kommunistlərdən Moskva əleyhinə istifadə etmək, ölkədə güclənən qolçomaq hərəkatını ideya-siyasi cəhətdən təlimatlandıraraq, onları ideoloji mübarizə yoluna yönəltməkdən ibarət olması göstərilirdi[30].

Müsavat kəndlilər arasında yaydığı Bəyannamədə mübarizənin ictimai, sinfi deyil, siyasi və milli olduğunu qeyd edirdi. Bu bəyannamədə Müsavat «xalqı milli istiqlal və milli hakimiyyət uğrunda mübarizəyə» çağırırdı[31]. Təsadüfi deyil ki, kollektivləşdirmə siyasətinin müqavimətlə qarşılandığını qeyd edən «Bakinskiy raboçiy» qəzeti yazırdı: «Kəndlilərin bu müqavimətini idarə edən müsavatçılardır»[32].

Eyni zamanda 1930-cu ilin mayında AzKP-nin X qurultayında D. Bünyadzadə kəndli hərəkatını idarə edən müsavatçıların həbs olunması haqqında məlumat vermişdir[33].

Hələ 1928-ci ilin sentyabrında AKP-nin Bakı təşkilatının geniş iclasında Mirzoyan göstərirdi ki, «başlıca düşmənimiz olan Müsavat Partiyasını ideoloji və mədəni cəhətlərdə amansızcasına məhv etməliyik».
1930-cu ilin 7-8 avqustunda keçirilən kütləvi həbslər nəticəsində 48 nəfər müsavatçı, o cümlədən Məmməd Qulu Babayev Müsavatın Xarici Bürosu ilə əlaqədə olmaqda və Sovet hökumətinə qarşı silahlı üsyan hazırlamaqda günahlandırılaraq həbs olundular. Həbs olunmuş müsavatçılar «ölüm adaları» adlanan Solovki və Kond adalarına sürgün edilmişlər[34].

Keçirilən həbslərə baxmayaraq, 1930-cu ilin fevralında Müsavatın Bakı təşkilatı Şəkərovun rəhbərliyi altında öz fəaliyyətini Bərpa edə bilmişdir. Təşkilat 1930-cu ildə xeyli fəallaşaraq, 1925-1926-cı illərdə MK-nın üçüncü tərkibinin Salyan, Əli-Bayramlı, Quba, Sabirabad və Masallı rayonlarında yaratdığı müsavat təşkilatları ilə əlaqə yaratmış və onlara direktiv və ədəbiyyat göndərən Təbriz komitəsi ilə geniş əlaqələr qura bilmişdi. 1931-ci ildə keçirilən həbslər nəticəsində Bakı təşkilatı ləğv edilmiş və 200 nəfərə qədər müsavatçı həbs edilmişdi[35].

M.C. Bağırovun yazdığı məruzənin materiallarından aydın olur ki, 1936-cı ildə 752 nəfərdən ibarət 78 əks-inqilabi təşkilat aşkar edilərək ləğv edilmişdir[36].

Aprel işğalından sonra Müsavatın fəaliyyətini nəzərdən keçirərək belə nəticəyə gəlmək olar ki, Partiya sovet hökumətinə qarşı mübarizədə bir neçə mərhələdən keçmişdir. Birin*ci mərhələ 1920-1923-cü illəri əhatə edir. Bu dövrdə ilk vaxtlar Partiya əsas müxalifət Partiyası kimi leqal fəaliyyət gös*tərməyə cəhd edir. Lakin bu, mümkün olmadıqda Partiya Sovet hökumətinə qarşı silahlı mübarizəyə üstünlük verməyə məcbur olur. Bu məqsədlə Müsavatın hərbi təşkilatlarının əsa*sı qoyulur. Bu dövrdə keçirilən kütləvi həbslər, güllələnmələr və sürgünlər Partiyanın qüvvələrini tükəndirməmiş və Partiya öz qeyri-leqal fəaliyyətini davam etdirmişdir.

İkinci mərhələ 1923-1926-cı illəri əhatə edir. Bu mərhələdə Partiya, Sovet hökumətinin silahlı üsyan yolu ilə devirmək məqsədindən əl çəkməsə də, öz taktikasını dəyişməyə və bir qədər ehtiyatla fəaliyyət göstərməyə məcbur olmuşdur. Bu dövrdə əsas diqqət Partiyanın yerli təşkilat və özəklərinin möh*kəmlənməsinə, təbliğatın güclənməsinə və Xarici Büro ilə əlaqələrin genişləndiriliməsinə yönəlmişdir. Partiya bu dövrdə ideoloji mübarizəyə üstünlük verərək gənclərin ideya-siyasi tərbiyəsinə xüsusi fikir vermişdir. Üçüncü mərhələ 1926-1931-ci illəri əhatə edir. Bu mərhələdə SSRİ ilə İngiltərə arasında münasibətlərin kəskinləşməsi ilə əlaqədar Müsavatın bir qədər fəallaşması nəzərə çarpır. Bu dövrdə Müsavatın silahlı üsyan cəhdləri daha da artır və Müsavat həbslər nəticəsində ləğv edilmiş təşkilatlarını Bərpa etməyə başlayır. Bu dövrdə Partiya əsasən Xarici Büronun direktivləri əsasında fəaliyyət göstərir. 1931-ci il həbsləri nəticəsində Müsavatın fəallarının bir qismi güllələnir, bir qismi isə Sibirə sürgün edilir.
Dördüncü mərhələ 1931-1937-ci illəri əhatə edir. Bu dövrdə Müsavat mütəşəkkil təşkilata malik olmamışdır. Bu mərhələdə Azərbaycanın mütərəqqi fikirli ziyalıları, şair və yazıçıları həbs*dən yayınan müsavatçılarla birləşərək gizli təşkilat və qruplar təşkil etmişlər. Onlar gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında, azadlıq və istiqlaliyyət ideyalarının yayılmasında mühüm rol oynamışlar. Bu dövrdə əksər hallarda Azərbaycanın mütərəqqi fikirli adamları “müsavatçı” damğası ilə repressiyaya məruz qalmışlar.

1936-cı ildə keçirilən kütləvi həbslər və 1937-ci ildə davam etdirilən repressiyalar onların fəaliyyətinə tamamilə son qoy*muşdur. 1941-ci ildə bütün SSRİ ərazisində olduğu kimi, Azərbaycanda da ciddi hərbi rejim yaradılmışdır. Bununla əlaqədar Müsavat Azərbaycan daxilində öz fəaliyyətinə uzun müd*dət fasilə verməyə məcbur olmuşdur.

* * *

[1] M. B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh.137.

[2] M.Ə. Rəsulzadə. Azərbaycan Cumhuriyyəti. səh.69.

[3] M.Ə.Rəsulzadə. Çağdaş Azərbaycan tarixi, B., 1990, səh. 98.

[4] Ə.Qaraca. Azərbaycanın yaxın tarixinə qısa bir baxış. səh.20.

[5] "Bakinski raboçi" 20.05.1924.

[6] Ö.V.Yurdsevər. "Gizli Müsavat" təşkilatının xarakterik vəzifələri" - "Müsavat" bülleteni. İstanbul, ¹ 4, 1962, səh. 15.

[7] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, fond 1, siyahı 19, iş 8923, v.61

[8] Yenə orada.

[9] Ə.V.Yurdsevər. "Gizli Müsavat" təşkilatının xarakterik vəzifələri. səh.15.

[10] Ə.V.Yurdsevər. "Gizli Müsavat" təşkilatının xarakterik vəzifələri. səh.18.

[11] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, fond 1, siyahı 19, iş 8923, в.62.

[12] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, fond 1, siyahı 19, iş 8923, v.63.

[13] Müsavat bülleteni, ¹2(6), Bakı, 1994, səh. 30.

[14] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f. 1, siyahı 19, iş 8923, v. 65.

[15] ASPİHDA, f. 1, siyahı 88, iş 5, v. 44.

[16] Yenə orada, v. 48.

[17] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f. 1, siyahı 19, iş 8923, v. 70.

[18] M.B. Mehmetzade. Milli Azerbaycan Hareketi, səh. 144.

[19] Z.Bünyadov. Qırmızı terror. Bakı,1993, səh. 40.

[20] Yenə orada, səh. 32-33.

[21] “Бакинский рабочий” гязети, 14.08.1923.

[22] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f. 1, siyahı 19, iş 8923, v. 35.

[23] Yenə orada, v. 36.

[24] Azərbaycan EA Tarix İnstitutunun elmi arxivi, f. 1, siyahı 19, iş 8923, v.48.

[25] Yenə orada, v.60.

[26] Yenə orada, v.78.

[27] ASPİHDA, f.1, siyahı 88, iş 5, v.57.

[28] Azərbaycan EA, Tarix İnstitutunun elmi arxivi. f. 1, siyahı 19, iş 8923, v.6.

[29] Azərbaycan EA, Tarix İnstitutunun elmi arxivi. f. 1, siyahı 19, iş 8923, v.6.

[30] Yenə orada, v.73.

[31] M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh.154.

[32] "Bakinskiy raboçiy" qəzeti, 17 aprel 1930, ¹ 87.

[33]"Bakinskiy raboçiy" qəzeti, 19 iyun 1930, N 138.

[34] M.B. Mehmetzade. Milli Azerbaycan hareketi. səh.153.

[35] X.İbrahimli Azərbaycan siyasi mühacirəti. Bakı,1997, səh.80.

[36] ASPİHDA, f. 1, siyahı 88, iş 137, v.1

ночной дозор вне форума   Ответить с цитированием