Показать сообщение отдельно
Старый 05.11.2007, 04:07   #132
Местный
 
Аватар для Хикмет Гаджи-заде
 
Регистрация: 07.03.2007
Сообщений: 10,235
Сказал(а) спасибо: 1,088
Поблагодарили 2,198 раз(а) в 1,381 сообщениях
Вес репутации: 114
Хикмет Гаджи-заде на пути к лучшему
Мои фотоальбомы

По умолчанию

İzvinite za dlinniy post

a vot polnostyu tochka zreniya natsionalistov v Musavat

Yeni Musavat
04.11.2007 [09:49]


MÜSAVATDAKI ÇƏKİŞMƏLƏRƏ N.NƏSİBLİNİN ELMİ BAXIŞI
NİYƏ MƏHZ MÜSAVATÇILIQ?

Nəsib NƏSİBLİ

Müsavatın Avropa Liberal Demokrat və İslahat Partiyasına (dəqiq adı məhz belədir; bundan sonra ALDİP) qoşulması xəbəri mətbuatda çıxan günün səhəri Məclisdən istefa haqqında yazdığım ərizə bircə cümlədən ibarət idi. ALDIP-ə girməyi müsavatçılığın mahiyyətinə və Müsavat Partiyasının hazırkı proqramına zidd hadisə kimi qiymətləndirmişdim. Fikrimcə, Müsavat tarixində fövqəladə hadisə baş verib.

Mövcud proqramın və nizamnamənin tələbləri kobud surətdə pozulmuş, müsavatçılığın mahiyyətinə uyğun olmayan qərar gerçəkləşib. Partiya rəhbərliyi üçün ən uğurlu yol bu məsələni tezcə, hay-küy salmadan qapatmaq idi. Amma rəhbərlik dərhal hərəkətə keçdi, Məclis üzvünün istefa ərizəsinə təəccübləndiyini bildirdi və bunun arxasında hansısa məkrin durduğuna işarə vurdu. Partiya funksionerləri tikanlı-atmacalı fikirləri ilə Məclisdən istefamı az qala xəyanət kimi yozmağa başladılar. Müsavat Partiyasının başqanı hörmətli İsa Qəmbər “Yeni Müsavat” qəzetindəki müsahibəsində (27,28, 29 oktyabr 2007) daha da irəli getdi. Yanlış hərəkətinə yanlış ideoloji don geyindirərək, müsavatçılığı əməlli-başlı təftiş etdi.
Müsahibədə hörmətli başqan “bütün məsələlərin açıq danışılmasına tərəfdar” olduğunu bildirir. Bu, fövqəladə əhəmiyyətli məsələ - Müsavat Partiyasının tarixi kursunun dəyişdirilməsilə bağlı olduğu üçün mən də partiya üzvü kimi ona münasibətimi bildirməyi zəruri sayıram.
Təxminən iki həftədir debatlar şəxsi münasibətlər müstəvisinə keçirildiyi üçün mövzu xeyli dərəcədə bayağılaşdırıldı. Atmaca və iftiralara cavab verməyə dəyməz. Amma bu mübahisələrin arxasında, fikrimcə, çox ciddi ideoloji-siyasi məsələlər durur. Öncə ideoloji məsələlərdən başlayaq.

1. Müsavatçılıq nədir?

Hörmətli başqan müsahibəsində əski Müsavatın keçmişdə və indi hansı tip partiya olduğunun üstündən ustalıqla keçir. Amma eyni ustalıqla ikidə-bir rəhmətlik Mirzə Bala Məmmədzadənin bir məqaləsindən yarımçıq sitatı (“Liberal-demokratik milli məfkurə”) təkrar edir. Bizim liberallar keçən on il ərzində bu kiçik və xeyli dərəcədə ikili izah edilə biləcək sitatdan başqa heç nə tapa bilməyiblər. Tapılması da mümkün deyil. Çünki təxminən 100 il tarixi olan Müsavat heç zaman liberal partiya olmayıb! Halbuki müsavatçılığın mahiyyətinə, onun ideoloji tipajına görə mühafizəkar partiya olduğunu göstərən minlərlə dəlil gətirmək olar.
Partiyanın mövcud olmuş adlarından başlayaq. Müsəlman Demokrat Firqəsi Müsavat, Türk Ədəmi-mərkəziyyət (yəni Federalist) Firqəsi Müsavat, Milli Azərbaycan Müsavat Xalq Firqəsi, Azərbaycan Milli Demokratik Partiyası Yeni Müsavat və Müsavat Partiyası. Dəyişməyən buradakı “Müsavat” sözüdür, o da millətlər və siniflər arasındakı bərabərliyi göstərir. Göründüyü kimi, partiyanın adında daim millilik vurğulanıb.
Partiyanın proqramı onun hansı ideologiyanın daşıyıcısı olduğunun birbaşa göstəricisidir. Tarixən Müsavatın 1912-ci il tarixli bəyannaməsi və beş proqramı olub (Məryəm Oruclunun Müsavat Partiyasının tarixinə dair monoqrafiyasının əlavələr hissəsinə baxmaq olar). Sonuncu 1997-ci il proqramında yeddi prinsip müsavatçılığın mühafizəkar partiya olduğunun göstəricisidir. Bununla mübahisə etmək yersizdir!
Müsavatçılığın dəyişməyən bu ana prinsiplərinə uyğun onun bir neçə tərifi məlumdur:

Müsavatçılıq böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal ideallarına sadiq Azərbaycan vətənsevərliyidir (1936 və 1992-ci il proqramları).
Müsavat milliyyətçiliyi, istiqlalçılığı, xalqçılığı və cümhuriyyətçiliyi ilə bütün İslam Şərqində ilk təşəkkül edən avropai bir firqədir (M. B. Məmmədzadə, 1938).
Müsavatçılıq, milliyyətçilik - türkçülük, vətənçilik - azərbaycançılıq, milli dövlətçilik - istiqlalçılıq, xalqçılıq - cümhuriyyətçilik deməkdir (M. B. Məmmədzadə, 1938).
Müsavatçılıq - türkçülük, azərbaycançılıq, istiqlalçılıq və hürriyyətçilikdir (Əhməd Qaraca, 1990).
Öz tənbəllik və məlumatsızlığına heyran bizim bəzi liberallar hesab edir ki, bu dəyərlərsiz də müsavatçılıqdan danişmaq olar. Biz millətçilik mövzusuna bir azdan qayıdacağıq. Burada millətçiliklə liberalizmi qarşı-qarşıya qoyanlara və ikinciyə mütləq üstünluk tanıyanlara rəhmətlik Məmməd Əmin bəy ömrünün sonlarına yaxın “Milli təsanüd” adlı məqaləsində liberalizmi geniş analiz edib deyirdi: “Liberalizmdə əsas ideal fərdin ən çox hürriyyəti və dövlətin vətəndaşlar arasındakı qarşılıqlı münasibətə ən az müdaxiləsidir... Madam ki, milliyyətçiyik deyirik; madam ki, milli dövlət istiqlalını müdafiə edirik, o halda bizim üçün nə kosmopolit liberalizmə və nə də kommunizmə dözmək mümkün deyil. Bizcə, müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir.” Böyük mütəfəkkir “Milli birlik” adlı məqaləsində isə birbaşa və aydın şəkildə deyir: “Yıxıcı və çökdürücü internasionalist və kosmopolit fikirlərin önünə ancaq milli bünyəni gücləndirmək və sağlamlaşdırmaq surətilə keçilə bilər. Millətçilik fikri ən təbii, ən mədəni və ən iləri bir fikirdir. Elm və kültürün gəlişməsini və yayılmasını əngəlləmək bir yana dursun, bu gəlişmə və yayılmanın ən təsirli və ən qüvvətli amilidir. Həm də insanlıq kültürünün ən təbii və ən normal inkişaf yoludur.” (1952).
Millətçilik fikrinin yaxşı, ya pis olması mübahisəsini etməyəcəyəm. Bu mövzuda dünya ədəbiyyatında minlərlə cildlər yazılıb. Burada məqsəd millətçiliyin müsavatçılıqda əsas prinsiplərdən biri olmasını Müsavat klassiklərindən gətirdiyimiz fikirlərlə bir daha göstərməkdir. Hörmətli İsa Qəmbər son müsahibəsində haqlı olaraq məhz “ifrat millətçilikdən” bəhs edir. Doğrudur. Hər sahədə ifratın pis olduğu kimi millətçiliyin də ifrat forması, şübhəsiz ki, pisdir. Amma həm əski, həm də indiki Müsavat sənədlərinin hansı birində ifrat millətçilik var? Niyə Müsavat başqanı məhz bunu vurğulayır? Müsavat başqanı niyə lideri olduğu partiya haqqında şübhə yaradır?
Hörmətli Hikmət Hacızadə bu məsələdə həmişə olduğu kimi hikkəli və aqressivdir. Onun bu qədər vaxt keçdikdən sonra müsavatçılıq və onun tərkib hissəsi - milllətçiliklə bağlı biliklərinin yenə də sıfırın altında qaldığı açkar oldu və bayağı suallar qoymağa həmişəki kimi yenə özünə rəva gördü (Azadlıq, 31.10.2007). Prezidentin, Müsavat başqanının yalnız türk olması tələbini kim qoyur? Etnik azlıqları kimdir “ikinci sort” insan hesab edən? Nəzəri cəhətdən, əgər bu varsa - onun adı millətçilik deyil, şovinizmdir. Liberallar haqqında vaxtilə M.B.Məmmədzadə yazırdı: “Bütün milləti düşünən və bir millət firqəsi olan Müsavat, millətin maddi və mənəvi birliyini, təsanüdünü, rifah və səadətini, hürriyyət və istiqlalını əsas olaraq almışdır. BELƏ BİR KONSEPSİYA ƏLEYHİNDƏ BULUNANLARIN KƏNARDA QALMALARINDAN MİLLİ BİRLİK ANCAQ QAZANMIŞ OLAR.”
Burada onu da deməyə ehtiyac var ki, liberalizm özü ayrı bir fikir sistemidir. Rəsulzadə demişkən, “liberalizmdə əsas ideal fərdin ən çox hürriyyəti”dir, bunu o hətta ümummilli maraqlardan belə üstün tutur! Liberalizm fərdə müraciət edir (buradan da “fərd eqoizmi” anlamı ortaya çıxır), bununla da topluma (millətə, siniflərə) müraciət edən cərəyanlardan köklü surətdə fərqlənir. Əsas ideoloji -siyasi cərəyanlardan - mühafizəkarlıq, liberalizm və sosial-demokratiyadan - hansının daha yaxşı olduğu məsələsi neçə əsrdir dartışılır. Bunlardan mühafizəkarlığın daha yaxşı olduğunu sübut etmək iddiasında deyilik. İddiamız müsavatçılığın bir fikir sistemi olması və onun mühafizəkar ideoloji-siyasi cərəyana uyğun gəlməsini göstərməkdir.
Başqa iddiamız isə odur ki, müsavatçılıq köhnəlməyib, milli-demokratik müxalifətə (AXCP, KAXCP, Ümid, Xalq Partiyası və b.) daxil olan partiyaların ideoloji əsasını təşkil etməkdədir. Liberal kəsim əksini iddia edir, amma yazmır, araşdırmır, fikrini əsaslandırmır. Bu bir yana qalsın, oturduğu budağa balta çalır. Xüsusən partiya başqanının bu məsələdə mövqeyi həqiqətən təəccüb doğurur. Düşünmək məcburiyyətində qalırsan: Liberalizmin fərd eqoizmi prinsipi liberallar üçün o qədərmi önəmlidir ki, milli-tarixi miras olan müsavatçılığı belə asanlıqla xərcləmək mümkün olsun?!
Bir sözlə, mahiyyət baxımından müsavatçılıq bütöv bir mühafizəkar fikir sistemidir, bu fikir sistemindən liberal dəyərləri ayırıb, onun üzərində “Liberal Müsavat” qurmaq nəzəri cəhətdən doğru deyil. Hörmətli Hikmət Hacızadə deyir ki, əski Müsavatda var idi, biz onu çıxartmışıq (?!). Bu istək anlaşılandır. Amma bunun adını “Müsavat” və “müsavatçılıq” qoymaq olmaz. Başqa sözlə, yalnız liberal-demokratik dəyərlərə dayanan partiya istəyirsinizsə, yaradın, amma nəticədə ŞADP doğulacaq.
İndi isə “Liberal Müsavat” projesinin praqmatik baxımdan niyə ziyanlı olması məsələsinə gələk.

2. Millət hara gedir, biz hara?

Hörmətli başqan müsahibəsində Avropa Liberal Demokrat və İslahat Partiyasının (ALDİP) sənədlərini “eninə-boyuna araşdırmadıqlarını” deyir. Qəti əminəm ki, araşdırma aparılsaydı, bizi rəzil edən qətnamələr ortaya çıxacaqdı. Onda hörmətli Asim Mollazadə və onun partiyası kimi ALDİP-ə girmək məsələsi üzərində heç olmasa düşünüləcəkdi. Rəhmətlik Məşədi İbad demişkən, “bir baxmazdılarmı bu, kişidir, yoxsa arvad!”
Bizim can atmalı olduğumuz birlik mühafizəkar partiyaların beynəlxalq birliyi - Beynəlxalq Demokrat İttifaqıdır (Başqan bəri başdan onu gözdən salmaq üçün bu qurumu Xristian Demokrat Pariyalarının İttifaqı adlandırır. Halbuki bu adda təşkilat, ümumiyyətlə, yoxdur). Burada 60 ölkədən 80 partiya birləşir. Azərbaycandan orada AMİP, Türkiyədən Ana Vətən və Doğru Yol Partisi var. Hörmətli başqan bu ittifaqı maraqlar üzərində qurulmuş qurum sayır, ALDİP-i isə dəyərlərə əsaslanan qurum. Beynəlxalq münasibətlər üzrə nəzəriyyələrin əlifbasına zidd olan bir fikirdir. Çünki istənilən beynəlxalq təşkilat onu yaradanların maraqlarına xidmət edir, onların arxasında mütləq böyük güclər - dövlətlər durur.
Müsavatın siyasi kursunun dəyişməsi - “Liberal Müsavat”a transformasiyası labüd olaraq uğursuzluğa aparır. Bu, çox ciddi məsələdir və onun üstündə durmağa dəyər.
Ciddi Qərb alimləri yaxın onillərdə dünyada və bölgədə mühafizəkarlıq dalğasının hakim tendensiya olacağını proqnozlaşdırırlar və hazırkı siyasi gedişat bunun açıq-aydın göstəricisidir. Mühafizəkarlıq yaxın gələcəkdə ölkə əhalisinin də əksəriyyətini əhatə edəcək. Dini dəyərlərin sürətlə yayılması göz qabağındadır. Hətta dini kəsimin radikallaşması bir çox ciddi yerli və xarici mütəxəssislərin diqqətini cəlb edir. Neft gəlirləri bu prosesi görünməmiş miqyasda sürətləndirəcək. Elektoratın əksəriyyətinin dini-ənənəvi dəyərlərə üstünlük verdiyi şəraitdə Müsavatın liberallaşması onsuz da zəifləmiş (Rasim Musabəyovun rəhbərlik etdiyi qurumun apardığı sosioloji sorğunun nəticələrinə görə, Müsavatın reytinqi 4%-dir) bu partiyanın perspektivinin üstündən qara xətt çəkmiş olacaq.
Çox bəyəndiyim bir tarixi faktı burada da səsləndirməyi uyğun görürəm. 1861-ci ildə İtaliya birləşəndən sonra baş nazir Messimo d’Azeglio bəyan etdi ki, biz dövlətimizi qurduq, indi isə millətimizi qurmalıyıq (Peter Alter, “Nationalism”, s.15). Bu o deməkdir ki, Qərb elmi-siyasi fikrinə görə, millət-dövlət quruculuğu (Nation-State Building) prosesində dövlətləşmə sürəci bəzən millətləşmə sürəcini qabaqlayır. Müstəqil dövlət qurulandan sonra millətçiliyin digər missiyası başlanır. Yəni millətçilik ölmür, onun fəaliyyəti millətləşmə istiqamətinə yönəlir.
Bu modeli müasir Azərbaycana tətbiq etdikdə nə alınır? Əlbəttə, dövlətləşmə sürəci bizdə millətləşməni xeyli qabaqlayıb. Çünki ayrı-ayrı epizodlar (1918-1920, 1992-1993) istisna olmaqla Azərbaycanda tarixən heç vaxt dövlət milli mədəniyyətə qayğı göstərməyib. Nəticədə bu gün Azərbaycanda millətləşmə səviyyəsi Osmanlı imperiyasının sonundakı səviyyəyə uyğun gəlir. Bu həmin dövr idi ki, Osmanlıda özünə “türk” demək ayıb sayılırdı, “Türk ocaqları”nın “Osmanlı millətini” böləcəyi iddia edilirdi, bugünkü Türkiyədə türklüyün fəxri sayılan insanlara qarşı amansız hücumlar edilirdi.
Hazırda millətləşmə prosesi hakimiyyətin kosmopolit xarakteri səbəbindən çox ləng gedir. Hakimiyyətin əsas ideoloqu Ramiz Mehdiyev daim modernlikdən, qloballaşmadan bəhs edir. Bu mövzuda konfranslar keçirilir, kitablar yazılır və s. Eyni zamanda hakimiyyətin əsas qayğılarından birisi monarxiyanın ideoloji-siyasi əsaslarının yaradılmasıdır. Hakimiyyət “ümummilli lider” konsepsiyasını qəbul etdirməklə məşğuldur.
Amma bu mərhələ bitdikdən sonra yaxın gələcəkdə hakimiyyət milli-ənənəvi dəyərlərə yönələcək. Bu, dövlət-millət quruculuğu nəzəriyyəsinin tələbi və obyektiv prosesdir. Onun ilkin bəlirtiləri də üzdədir. Yaxın gələcəkdə Rəsulzadəyə və digər böyük milli şəxsiyyətlərə heykəllərin qoyulması, ümumiyyətlə, milli-ənənəvi dəyərləri özününküləşdirməyə cəhd olacaq. Gələn il Türk qurultayının Bakıda keçirilməsi bu cəhdin bir nümunəsidir.
Təkrarlamaqda fayda var: bu, obyektiv tələbdir və bu barədə Qərb elmində çox yazılıb. Həmin tarixi mərhələdə “Liberal Müsavat” nə edəcək? Monarxist hakimiyyət konsepsiyasına qarşı milli hakimiyyət yerinə fərdin azadlıqlarını genişləndirmək uğrunda mübarizə şüarı çoxmu effektli olacaq və xalqin diqqətini çəkəcək? “Liberal Müsavat” onda hakimiyyət uğrunda mübarizə aparmaq yerinə faktiki olaraq QHT funksiyasını həyata keçirəcək (hörmətli Hikmət bəy son illərdə məhz bunu tələb edirdi).
Daha bir faktor yaxın gələcəyin Azərbaycanının siyasi həyatına təsir edə bilər. Güney məsələsi getdikcə aktuallaşır. Onun daha da aktuallaşması tamamilə mümkündür. Bu ümummilli problemə münasibətdə “Liberal Müsavat” yeni mahiyyətinə uyğun olaraq cəmiyyətin diqqətini çəkən şüarlar irəli sürə biləcəkmi?
Müxtəlif müxalifət partiyalarındakı müsavatçıların - milli-demokratik qüvvələrin birinci dərdi Qarabağdır. Onu liberalizmin canı - fərdi azadlıqların genişləndirilməsi yolu ilə həll etmək isə mümkün deyil. Əslində cəmiyyətdə mühafizəkarlığın güclənməsinin səbəblərindən birisi də məhz Qarabağdır. Cəmiyyətin əksəriyyəti sövq-təbii dərk edir ki, Vətənin bütünlüyü problemini həll etmək üçün milli-ənənəvi dəyərlərinə sahib durmalıdır. Təxminən 100 il əvvəl bu barədə Ziya Gökalp çox aydın bir nəzəriyyə işləyib.
Rəhmətlik Elçibəyin sağlığında milli-demokratik hərəkatın çox gözəl bir şüarı qəbul edilmişdi: “Dövlətləşməli, millətləşməli, bütövləşməli!” “Liberal Müsavat” projesi gerçəkləşsə, əlbəttə ki, bu qurum həmin prosesin dışında qalacaq, tamamilə siyasi həyatın periferiyasına itələnəcək.
Bir sözlə, Türkiyədə deyildiyi kimi, “millət gedir Mersinə, biz gedirik tərsinə!” Milli-demokratik hərəkatın əzəldən bir böyük, hətta metodoloji səhvi vardı - Qərbin yardımlarına ifrat aludəçilik. Başımız bu qədər daşdan-daşa dəyəndən sonra yenidən eyni aludəçilik davam edir. Mandatı yalnız xalqdan almaq olar! Ölkə daxilində güclüsənsə, Qərb liberalı da, mühafizəkarı da, sosial-demokratı da qəbul edəcək. Necə ki, keçmiş KQB şefini, Kommunist Partiyasının önəmli fiqurlarından birini qəbul etdi. Necə ki İslam demokratiyasını təmsil edən Tayyib Ərdoğanı və Abdullah Gülü dünya qəbul etməyə məcbur oldu. Necə ki Milli Hərəkat Partiyasının lideri Saakaşvili Qərbin favoritinə çevrildi. Hörmətli Hikmət Hacızadənin “millətçiliyə qayıtsaq, dünya başımıza bomba tökər” bəyanatı, sadəcə, bir liberalın yersiz vay-şivənidir.
“Millətçiliyə qayıdış”la sıravi müsavatçıları və cəmiyyəti qorxutmaq yersizdir. “Türk” sözündən qorxu idi ki, bir zamanlar Müsavat rəhbərliyi Abdulla Şaiqin və Üzeyir Hacıbəylinin müəllifi olduğu Müsavat himnindən imtina etdi. Müsavatçılığın digər təməl prinsipi olan türkçülük şovinizm deyil. Bu ölkədə yeganə etnik birlikdir ki, öz adından və linqvonimindən məhrum edilib, hətta onun etnik azlıq kimi qeydə alınmasına belə icazə verilmir. Rəhmətlik Elçibəyin bir kitablıq mətləbləri ehtiva edən gözəl fikri vardı: “Azərbaycan xalqı yalnız öz türklüyünü dərk edəndən sonra milli problemlərini həll etməyə başlayacaq”. Tarixi ədalətin bərpası - “türk” etnonim və linqvonominin rəsmi qəbulu, təhsil sisteminin milliləşdirilməsi və modernləşdirilməsi, gerçəkçi tarix şüurunun yaradılması, dövlət dilinin funksional sahəsinin genişləndirilməsi, Güney məsələsi - Bölünmüş Azərbaycan ideyasının yayılması, milli burjuaziyanın müdafiəsi, Qarabağ, Kıbrıs, Borçalı, Dərbənd və diaspor məsələlərinin gündəmə gətirilməsi və müdafiəsi, ümumtürk birliyi kimi neçə-neçə sırf milli problemlərimizin müdafiəsi məhz millətin bağrından çıxmış Müsavat Partiyasının missiyasıdır.
Hazırda hakimiyyət Elton Conlara vurğundur, bizimkilər cinsi azlıqların müdafiəçisi ALDİP-ə. Hökumət üzvü Borçalıdakı məktəblərin bağlanması təklifini verir, Müsavat rəhbərliyi isə kürd separatizmini müdafiə edən təşkilata üzv olur. Bu, ölkədə milli-ənənəvi dəyərlər sisteminin acınacaqlı vəziyyətdə olmasının, kosmopolitizmin tüğyan etdiyinin təzahürüdür. Bizim hakimiyyətdən fərqli bircə üstün silahımız var. O da milli ideologiyanın özü olan müsavatçılıq! “Liberal Müsavat” projesi kosmopolit hakimiyyət qarşısında milləti ideoloji cəhətdən tərk-silah etmək deməkdir.

Nəticə

Müsavat rəhbərliyinin nəzəri cəhətdən yanlış, əməli cəhətdən ziyanlı hərəkəti nəticəsində xoşagəlməz vəziyyət yaranıb. Seçki kampaniyasının startında ağılalmaz bu uğursuz addımı atmış rəhbərlik özünə də problem yaradıb. Məntiqlə ya “ALDİP-ə qoşulmaq müsavatçılığa (həm də indiki proqrama və nizamnaməyə) zidd deyil”, “biz sizdən də artıq müsavatçıyıq” deyib-durulacaq - beləliklə, Müsavatın, müsavatçılığın, milli-demokratik hərəkatın altına saatlı bomba qoyulacaq, ya da açıq-açığına, heç nəyə məhəl qoymadan, sürətlə “Liberal Müsavat” projesi gerçəkləşəcək. Hər ikisi yanlışdır. Yeganə doğru yol, bizim fikrimizcə, ALDİP-ə üzvlük haqqında ərizənin geri çəkilməsidir.


Хикмет Гаджи-заде вне форума   Ответить с цитированием